AZ

İranın Turan QORXUSU

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Güney Azərbaycan təmsilçisi “Traktor” ilə Tovuzun “Turan” klubu arasında yoldaşılıq görüşünün keçiriləcəyi açıqlanmışdı.

“Traktor” İran çempionu olduqdan sonra onun bir Azərbaycan klubu ilə yoldaşlıq görüşü keçirməsi məsələsi gündəmə gəldi. Hətta bir oyunun Bakıda, bir oyunun isə Təbrizdə keçirilməsi planlaşdırılırdı. 

“Neftçi” və ya “Qarabağ”ın onun rəqibi olacağı gözlənilsə də, “Turan” klubu seçildi. Hər iki klub da matçın 29 iyulda keçiriləcəyini elan etdi. Lakin ilk diqqətçəkən məqam da məhz burada yaşandı. Belə ki, oyunun Azərbaycan və ya İranda deyil, Türkiyədə keçirilməsinə qərar verildi.  İkinci sürpriz addım isə bir neçə gün qalmış matçın ləğv olunduğunun açıqlanması idi. “Turan” oyunun “Traktor”dan qaynaqlanan səbəblərdən ləğv olunduğunu açıqladı. 

Ancaq bu, birmənalı qarşılanmadı. Bir çox ekspert bunun birbaşa siyasi qərar olduğunu düşündü. Görünür, İran rejimi Turan ideyasından qorxduğu üçün Güney Azərbaycan təmsilçisi ilə “Turan” adlı klubun Türkiyədə yoldaşlıq görüşü keçirməsinə icazə vermədi. Bəli, hər şey aydın idi, bu qərarın futbolla əlaqəsinin olmadığı ortada idi. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cebheinfo.az”-a açıqlamasında “Traktor” - “Turan” görüşünün siyasi səbəbdən ləğv olunduğunu deyib:

“Əslində, “Traktor”un “Turan” klubu ilə yoldaşlıq görüşünün keçiriləcəyi açıqlananda bunun baş tutmayacağını düşünürdüm. Çünki İran rejimi tərəfindən matçın baş tutmaması ilə bağlı hər hansısa əngəl törədiləcəyi bilirdim. Nəticədə, elə də oldu. Təbii ki, bunun arxasında idman deyil, siyasi səbəblər dayanır. 

Görünür, molla rejimi Turan qorxusuna görə bu matçı ləğv etdirib. Nəzərə almaq lazımdır ki, Turan ideyası İran rejiminin ideologiyası ilə üst-üstə düşmür.

Hesab edirəm ki, “Traktor” rejimin təzyiqinə məruz qaldığı üçün “Turan”la matçı ləğv edib. Düzdür, İranın Prezidenti Məsud Pezeşkian türkdür, amma onun əlində hansısa güc yoxdur. Ona icazə verməsələr, nə açıqlama verə, nə də təkbaşına bir iş görə bilər”. 

Ağrı Qaradağlı oyunun ləğv olunmasının arxasında dayanan siyasi səbəbləri isə belə izah edib:

“Əgər bu matç baş tutsaydı, stadionda Güney Azərbaycan və Turan barədə şüarların səslənəcəyi gözlənilirdi. Oyuna maraq da kifayət qədər yüksək idi. Lakin Tehran hakimiyyəti səslənmə ehtimalı olan şüarlardan çox qorxdu.

Molla rejimi bu şüarların Azərbaycan və Türkiyə mediasında yayılmasını istəmədi. Nəzərə almaq lazımdır ki, istər Quzey, istərsə də Güney azərbaycanlıların əsas istəklərindən biri Turan birliyinin yaranmasıdır. Təbii ki, Tehran rejimi də bu məsələnin gündəmə gəlməsini istəmir”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Güney Azərbaycan İran Traktor Turan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr