AZ

Ölkəyə murdar heyvan ətləri gətirilir - Eyyub Hüseynov

Son günlər sosial şəbəkələrdə qiymətinin ucuzluğu ilə seçilən, Ukraynadan gətirildiyi deyilən ətlər geniş müzakirələrə səbəb olub. Belə ki, dondurulmuş formada satışa çıxarılan bu ətlərin kiloqramı 13 manat 50 qəpikdən təklif olunur.

Qiymətin bu qədər aşağı olması isə ictimaiyyətdə “Ucuz ətin şorbası olmaz” məsəlini xatırladaraq keyfiyyəti ilə bağlı narahatlıq doğurub.

Ekologiya.az bildirir ki məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Musavat.com-a açıqlama verib.

eyyub

O bildirib ki, son dövrlər Azərbaycana, müsəlman dövlətlərinə (məsələn, İran) təkcə Ukraynadan deyil, Monqolustan da daxil olmaqla müxtəlif ölkələrdən böyük həcmdə mal və qoyun əti gətirilir.

“Son 8 ayda mal ətinin idxalı üstünlük təşkil edir. Apardığımız araşdırmalara görə, Ukraynadan gələn ətlərin tədarükü ilə orada yaşayan azərbaycanlılar məşğul olur. Ukraynanın geniş və boş çöllərində heyvanlar sərbəst şəkildə otlaya bildiyinə görə, bu ətlərin maya dəyəri aşağı olur. Bu da satış qiymətinə təsir edir”, - deyə Eyyub Hüseynov qeyd edib.

Sədrin sözlərinə görə, ölkəyə daxil olan bütün ət məhsullarına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi nəzarət olunur:

“Ətlərin keyfiyyətinə gəlincə, bizim əldə etdiyimiz məlumata əsasən, bu məhsullar normal sayılır. Sadəcə olaraq, bunlar dondurulmuş ətlərdir və Azərbaycanda insanlar daha çox təzə ətə üstünlük verir”.

Bununla yanaşı, Eyyub Hüseynov mümkün risklərə də diqqət çəkib. Onun sözlərinə görə, ölkəyə az miqdarda olsa da, murdar olmuş heyvan əti, eləcə də at və eşşək ətinin daxil olması mümkündür. Lakin bu kimi məhsulların kütləvi şəkildə satışa çıxarılması real hesab edilmir.

“Dörd il əvvəl bu sahədə aparılan peşəkar iş nəticəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi belə halları sübut edən faktları ortaya çıxarmışdı. Bəzi hallarda təkcə cərimə ilə kifayətlənilməmiş, həbs tədbirləri də həyata keçirilmişdi”, - deyə sədr qeyd edib.

Eyyub Hüseynov hesab edir ki, nəzarət tədbirləri davamlı və güclü olsa, sağlamlıq üçün təhlükəli ətlərin bazarda dövriyyəsi minimuma enər və bu cür halların qarşısı effektiv şəkildə alına bilər.

Seçilən
4
ekologiya.az

1Mənbələr