AZ

"“Mərkəzi Park” layihəsi şəhərin ekoloji vəziyyətinə töhfə verir" – Ekoloqdan AÇIQLAMA - FOTO

Bakıda salınan “Mərkəzi Park” layihəsinin növbəti  4-cü mərhələsi "Nizami metro" stansiyasının ətrafını əhatə edəcək. Layihə çərçivəsində təxminən 21 hektar ərazi park zonası kimi abadlaşdırılacaq.

Əldə olunan məlumatlara görə, bu mərhələdə tarixi tikililərin parka inteqrasiyası nəzərdə tutulur. Xüsusilə Təzəpir məscidi ətrafındakı tarixi məhəllələrin memarlıq və şəhərsalma nümunəsi kimi qorunması və abadlaşdırılması planlaşdırılır.

Qeyd olunur ki, abidə statusu olmayan, lakin tarixi dəyərə malik bir sıra binaların da saxlanılması nəzərdə tutulub. Parkın bu hissəsində həmçinin böyük süni gölün yaradılması planlaşdırılır. 

Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakının bir çox ərazilərində 90-cı illərin iqtisadi böhranı və özəlləşdirmə prosesinin başladığı dövrdə, fürsətdən istifadə edilərək bir çox tikililər plansız şəkildə inşa olundu, yaşıllıqlar məhv edildi:
“Lakin sevindirici haldır ki, son illər şəhərsalma və abadlıq işləri daha planlı şəkildə aparılır. Xüsusilə parkların salınması istiqamətində görülən işləri yüksək qiymətləndirir və təqdir edirəm. Yeni binaların inşası şəhərimizə, xüsusən də Abşeron yarımadasının ekologiyasına ciddi təsir göstərir. Bu baxımdan, artıq Bakıda çoxmərtəbəli binaların inşasına yer verilməməlidir. Təəssüf ki, bu sahədə bir sıra geridönülməz səhvlər baş verib. Tarixi və mədəni əhəmiyyətli tikililərin, abidələrin qorunması isə çox vacib və təqdirəlayiq haldır. 
Yaşıllıqların artırılması və parkların salınması həm şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına, həm də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir. Sevindirici haldır ki, bu sahəyə diqqət getdikcə artır və bu təşəbbüsləri alqışlayıram”. 

Memar Cahid Həsənov fikrincə isə adı çəkilən layihə, memarlıq və şəhərsalma baxımından olduqca uğurlu və təqdirəlayiqdir:
"Ümumiyyətlə, sıx və istismar müddəti bitmiş, qeyri-funksional məhəllələrin yerində parkların salınması həm şəhərin estetik görünüşünün formalaşmasına, həm də onun təbii havalandırma və “nəfəs alma” sisteminin yenidən qurulmasına mühüm töhfə verir.
Xüsusilə qeyd etməliyəm ki, bu layihə Bakının təbii relyefinə uyğun, amfiteatr tipli quruluşunun orta hissəsində, Yasamal yüksəklikləri ilə Azneft tərəfdəki enişli-yaşıllıq ərazinin arasında həyata keçirilir. Belə bir mövqedə parkın salınması olduqca önəmlidir. Eyni zamanda bu parkın yerləşdiyi məkanda qorunmağa dəyər çoxsaylı tarixi binalar və memarlıq abidələri mövcuddur. Bu abidələrin həm fasad, həm də interyer baxımından bərpası vacibdir və bu işlərin keyfiyyətlə həyata keçirilməsi parkın ümumi dəyərini daha da artıracaq”. 

Cahid Həsənov vurğulayıb ki, son illərdə parkların planlaşdırılmasında təəssüf doğuran bir tendensiya müşahidə olunur:

“Əksər parklarda eyni struktura rast gəlinir: bir əsas gəzinti yolu (daroşka), onun ətrafında bir neçə yardımçı yol, az miqdarda idman qurğuları, eyni tipli işıq dirəkləri və oturacaqlar. Bu cür standartlaşma parklara fərdi sima vermir, xüsusilə də sözügedən ərazi kimi mərkəzi, tarixi və turistik əhəmiyyət daşıyan məkanlarda. "Nizami metrosu" , Təzəpir məscidi və ətraf tarixi memarlıq fonunda salınacaq parkda sıradan, digər parklarda olduğu kimi bir layihələndirməyə yol verilməməlidir. Əksinə, bu parkın planlaşdırılması tarixi memarlıqla harmoniya təşkil etməli, milli üslubda orijinal bir şərait yaradılmalıdır. Bu həm turistlər, həm də şəhər sakinləri üçün unikal bir məkana çevrilə bilər.
Milli üslubda parkın necə görünməli olduğu ilə bağlı konkret konsepsiyalar hazırlanmalıdır. Bu üslub yalnız dekorativ elementlərdən deyil, bütövlükdə parkın plan-sxemindən, gəzinti yollarının yerləşməsindən, oturma sahələrinin dizaynından və kiçik memarlıq formalarının ümumi estetikasından ibarətdir. Parkda sırf Azərbaycana məxsus memarlıq ruhunu əks etdirən abidə və kompozisiyalar yerləşdirilməli, tarix və mədəniyyətin izləri hiss olunmalıdır”.

Fidan

Seçilən
2
1
avtosfer.az

2Mənbələr