Alimlər Yer kürəsinin fırlanma sürətində qeyri-adi dəyişiklik müşahidə ediblər.
Musavat.com xəbər verir ki, avqustun 5-də planetimiz tarixdəki ən qısa fırlanma hərəkətlərindən birini edəcək. NASA və digər elmi mərkəzlərin hesablamalarına görə, bu tarixdə günün uzunluğu 1.25 millisaniyə az olacaq.
Sutkanın bu qədər qısalması gündəlik həyatımıza birbaşa təsir etməsə də, elm dünyasında ciddi müzakirələrə səbəb olub. Xüsusilə Ayın cazibə qüvvəsi və geofiziki proseslər nəticəsində yaranan bu dəyişiklik, Yerin daxili və xarici təbəqələrində dinamik təsirlərə yol aça bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, fırlanmanın sürətlənməsi okean axınlarına təsir göstərərək, dəniz suyunun sahilyanı ərazilərə doğru sıxışmasına səbəb ola bilər. Bu isə xüsusilə alçaq ərazilərdə daşqın riskini artırır.
Digər narahatedici məqam isə insanın bioloji ritminə olan təsirdir. Sirkad ritmlərdə baş verə biləcək pozuntular yuxusuzluq, stress, infarkt riski və hətta qəza ehtimallarının artması ilə əlaqələndirilir.
Geofiziklər bildirirlər ki, bu cür mikrosaniyəlik dəyişikliklər ilk baxışda önəmsiz görünsə də, zamanla Yerin fırlanma balansına təsir edə, texnoloji sistemlərdə sapmalar yarada və qlobal iqlim modellərinə təsir göstərə bilər.
Hazırda məsələ ilə bağlı müşahidələr və təhlillər davam edir. Alimlər bu tip hadisələrin daha tez-tez baş verməsinin gələcəkdə daha genişmiqyaslı təsirlərə yol aça biləcəyindən narahatdırlar.