AZ

"İranın nüvə alimlərinin gizli Moskva səfəri: məqsəd nə olub?" - "Financial Times"

"Tehran Moskva ilə hansı texnologiyaların izinə düşüb?.."

2024-cü ilin avqustunda Tehrandan Moskvanın "Şeremetyevo" hava limanına enən "Mahan Air" reysi adi bir işgüzar səfər kimi görünürdü. Lakin bu səfər arxasında gizlədilən reallıq beynəlxalq təhlükəsizlik dairələrini ciddi narahat edib. Səfərin əsas iştirakçılarından biri - 43 yaşlı nüvə alimi Əli Kalvand və onu müşayiət edən dörd nəfər, əslində sadəcə texniki məsləhətçi deyil, İranın nüvə proqramında yaxından iştirak edən şəxslər olub.

SPND kölgəsindəki alimlər

Rəsmi sənədlərdə DamavandTec adlı məsləhətçi şirkətin əməkdaşları kimi təqdim olunan bu şəxslər, əslində SPND (İran Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı) ilə bağlı olub. ABŞ tərəfindən bu təşkilat İranın 2004-cü ilə qədər mövcud olmuş nüvə silahı proqramının "birbaşa varisi" kimi tanınır. Maraqlıdır ki, səfər iştirakçılarına diplomatik xidməti pasportlar cəmi bir neçə həftə əvvəl, eyni gündə verilib. Qrupun tərkibində ABŞ sanksiyalarına məruz qalmış şirkətin keçmiş rəhbəri və İran hərbi əks-kəşfiyyatının əməkdaşı da olub. Bu faktlar səfərin sadə elmi əməkdaşlıq çərçivəsindən kənara çıxmasından xəbər verir.

Məqsəd ikili texnologiyalara çıxış əldə etmək olub

"Financial Times" jurnalistlərinin araşdırmalarına görə, iranlılar Rusiyanın ikili məqsədli texnologiyalar istehsal edən institutlarını ziyarət edib. Bu texnologiyalar mülki məqsədlərlə istifadə oluna bilər, lakin eyni zamanda nüvə silahlarının hazırlanmasına da tətbiq edilə bilər. Kalvandın Rusiya tədarükçüsünə ünvanladığı məktubda tritium, stroncium-90 və nikel-63 kimi izotoplara maraq ifadə olunub.

Bu maddələr həm elmi tədqiqatlarda istifadə edilir, həm də nüvə başlıqlarının gücünü artırmaq üçün vacibdir. Səfər Qərb kəşfiyyat xidmətlərinin İranın xaricdən nüvə texnologiyaları əldə etməyə çalışdığını müşahidə etdiyi dövrdə baş tutub. ABŞ bu səbəblə SPND-yə qarşı əlavə sanksiyalar tətbiq edib və bu qurumun nüvə silahlarının hazırlanması və onların çatdırılması sistemləri üzərində çalışdığını bəyan edib.

"İran birmənalı şəkildə yol seçmir"

İranın nüvə proqramını izləyən mütəxəssislər bu fəaliyyətləri "qəsdən qeyri-müəyyən strategiya" adlandırır. Bu strategiya Tehrana beynəlxalq qanunları pozmadan, elmi araşdırmalar vasitəsilə nüvə silahı üçün tələb olunan bilik və texnologiyaları toplamağa imkan verir. İran üzrə tanınmış ekspert Devid Olbrayt qeyd edir: "Bu, əslində atom bombasına hazırlığın sürətləndirilməsi proqramıdır. Tehran bu tədqiqatların sayəsində nüvə silahı hazırlamaq istəmədiyini iddia edə bilir".

Rusiya-İran əməkdaşlığı yeni mərhələyə keçir

Araşdırma göstərir ki, Kalvandın 2024-cü ilin mayında göndərdiyi məktubda istədiyi materiallar və yüksək güclü rentgen boruları, İranın nüvə potensialını artırmaq üçün birbaşa istifadə oluna biləcək texnologiyalardır. Qərb ekspertləri bu səfəri SPND-nin ixrac qadağalarını aşmaq və nüvə imkanlarını artırmaq planlarının bir hissəsi kimi qiymətləndirir. Nəşr qeyd edir ki, hər nə qədər Moskva və Tehran nüvə silahı hazırlamaq niyyətində olmadıqlarını bildirsələr də, bu cür səfərlər İranın bombanı istehsal etmə müddətini nəzərəçarpacaq dərəcədə qısalda bilər.

Səfər Qərbin narahatlığını artırır

Araşdırmaçılar vurğulayır ki, bu səfər təkcə şübhə doğuran elementlərlə zəngin deyil, həm də İran və Rusiya arasında artan hərbi-texniki əməkdaşlığın nümunəsidir. "Financial Times"-ın təhlilinə görə, bu hadisə bir çox Qərb kəşfiyyat xidmətlərinin diqqətini çəkib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sabiq nümayəndəsi Pranay Vaddi bildirib: "Bu cür şəxslərin Rusiyada belə görüşlər keçirməsi ciddi narahatlıq doğurur. SPND-nin əldə etdiyi hər bir texnologiya və ya komponent nüvə silahlarının hazırlanmasında istifadə edilə bilər".

İranın nüvə bilikləri tam yox edilə bilməz

Qərb ekspertləri hesab edir ki, İranın nüvə obyektlərinin bir hissəsi İsrail və ABŞ tərəfindən bombalanaraq sıradan çıxarılsa da, SPND-nin qurduğu infrastruktur – insan resursları, texniki biliklər və təlim hələ də qalır. Bəzi mənbələrə görə, bu sistemin tam məhv edilməsi çətindir.

Karnegi Fondunun əməkdaşı Qraevski deyir: "İsrail İranın nüvə proqramını tamamilə yox edə bilməz. Çünki İran "Amad Planı" çərçivəsində yeni nəsil alimlər hazırlamağı çoxdan planlaşdırıb".

Bir zamanlar İranın nüvə agentliyinə rəhbərlik etmiş Fəxrizadənin tərəfdarı olmuş Abbas Davani ölümündən bir ay əvvəl belə demişdi: "Bizim gücümüz alimlərimizdədir". Bu, yalnız bir xəbərdarlıq deyil, həm də gələcək üçün verilmiş mesaj idi.

Seçilən
13
moderator.az

1Mənbələr