AZ

Ətə söz yoxdur, "şokolad kimidir", ancaq 13 manata ət olar? - Deyirlər Ukraynadan...


Eyyub Hüseynov: “Ukraynadan gələn ətlərin keyfiyyəti normaldır, düzdür, donmuş olsa da problemli deyil”

Son illər ölkədə ətin satış qiyməti yüksəlməkdə davam edir. Hazırdayerli quzu ətinin qiyməti 20–22, sümüklü mal əti 15.50–16, sümüksüz mal əti isə 17–18 manata təklif olunur.

Ancaq bazarda ucuz qiymətə də ət satışına rast gəlmək mümkündür. Belə ki, sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub. Kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və ətin kiloqramı cəmi 13 manat 50 qəpiyə təklif olunur.

Həmin ətlərin Ukraynadan gətirildiyi hesab edilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, görüntülərdə ət zahirən təmiz və keyfiyyətli görünür. Lakin qiymətinin bazar qiymətindən aşağı olması suallara səbəb olur.

“Ukrayna, Monqolustan vədigər ölkələrdən Azərbaycana külli miqdarda qoyun əti, mal əti gətirilir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ukrayna, Monqolustan vədigər ölkələrdən Azərbaycana külli miqdarda qoyun əti, mal əti gətirilir: “Monqolustandan qoyun əti, Ukraynadan isə son 8 aydır mal əti idxal olunur. Müəyyən araşdırmalar zamanı məlum olub ki, Ukraynadan gələn ətləri elə orda təsərrüfatla məşğul olan azərbaycanlılar göndərir. Məlumat üçün deyim ki, Ukraynada heyvandarlıq üçün boş sahələr var. Bu səbəbdən də ət ucuz qiymətə əmələ gəlir. Həmin ölkədən gələn ət məhsullarınaQida Təhlükəsizliyi Agentliyi tam nəzarət edir.

Bizdə olan məlumata görə, Ukraynadan gələn ətlərin keyfiyyəti normaldır, düzdür, donmuş olsa da problemli deyil. Ölkənin gömrük sərhədindən keçən bütün ərzaq malları, o cümlədən ətlərə AQTA nəzarət edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bazarda murdar olmuş heyvan əti, at, eşşək əti də satılıb. Bu hal 4-5 il öncə də aşkar olunub: “Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi bu sahədə lazımi işlər gördü, qeyd etdiyim ətlərin satışı ilə məşğul olanları məsuliyyətə cəlb etdi”.

Günel CƏLİLOVA

Seçilən
5
baki-xeber.com

1Mənbələr