AZ

Ermənistan parlamenti 100 il əvvəl terror törətmiş Melkumyanı vəsf etdi...


Faiq Ələkbərli: “…Heç bir mənbədə Ənvər Paşanı Melkumyanın şəhid etdiyi göstərilmir”

Dünyada ermənilər qədər terroru dəstəkləyən, terrorçunu qəhrəmanlaşdıran ikinci bir xalqın olması şübhəli görsənir. Ermənistanda terrorçulara abidələr qoyulub, türk düşmənləri “ilahiləşdirilib”.

Gah 1921-ci ilin 15 martında Berlində Tələt Paşanı qətlə yetirən Soqomon Tehliryanı, gah da 1922-ci ilin 4 avqustunda Ənvər Paşanı öldürən Akop Arşakoviç Melkumyanı erməni cəmiyyətinə “qəhrəman” kimi tanıdırlar.

Avqustun 4-də Ermənistanda Melkumyanın Ənvər Paşanı qətlə yetirməsinin ildönümünü qeyd ediblər.

Ermənistan parlamentində təmsil olunan Daşnaksütyun partiyasının üzvü Mher Melkonyan bu qətl hadisəsini xatırladıb.

Daşnak deputat iddia edir ki, Melkumyan Osmanlının hərbi naziri Ənvər Paşanı qondarma “erməni soyqırımının” təşkilatçılarından biri olduğu üçün Orta Asiyada qətlə yetirib. Bilirik ki, tarixdə “erməni soyqırımı” deyilən nəsnə baş verməyib, bu, daşnakların, Qərb dövlətlərinin və Rusiyanın uydurmasıdır.

Erməni mediası da, erməni parlamenti də bu cinayəti, terroru törədən daşnak cani ilə fəxr edir, halbuki, qatili vəsf etmək əvəzinə onun tarixi cinayətlərini tənqid etməlidirlər.

Onlar Ənvər Paşanın qatilini təbliğ edirlər, qətlin ildönümünü qeyd edirlər. Guya Ənvər paşanı qətlə yetirməklə erməni xalqını "müdafiə edib". Bir tərəfdən, Türkiyə ilə barışmaq istəyirlər, o biri tərəfdən, türk paşasını öldürən daşnakı tərənnüm edirlər.

“Məqsəd ermənilərin şovinist, revanşist xislətlərini gücləndirmək, bölgədə barış və sülhün yaranmasına mane olmaqdır”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, birincisi, Osmanlının son dönəmlərində hərbi naziri olmuş böyük türk oğlu Ənvər Paşanı qondarma “erməni genosidində” ittiham etmək qətiyyən doğru deyildi: “Şünki tarixdə belə bir hadisə olmayıb və “erməni genosidi” saxta bir anlayışdır. 1915-ci ilin aprelində erməni əhalisinin bir qisminin Osmanlının Suriya, Livan və digər torpaqlarına köçürülməsi təsadüfi deyil. Erməni əhalisinin böyük bir qismi Birinci Dünya savaşında məhz Çar Rusiyanın xidmətinə keçərək üsyan qaldırır, ölkə daxilində böyük problemlər yaradırdı. Yəni 1915-ci ilin aprelindəki köçürülmə olayı da məcburi bir xarakter daşıyırdı.

Ənvər Paşanı qondarma “erməni genosidinin” əsas rəhbərlərindən, təşkilatçılarından biri kimi qələmə vermək tamamilə yanlışdır. Ənvər Paşa öz humanistliyi, öz igidliyi ilə tanınmış bir paşa olub.

O ki qaldı Ənvər Paşanın 1922-ci il avqustin 4-də basmaçılar hərəkatının bir lideri kimi Tacikisan ərazisindəki Sovet Ordusunun bir bölməsi ilə döyüşdə şəhid olmasına, burda yenə ermənilər saxtakarlığa yol verirlər. Sovet ordusunun bir bölüyünə daşnak Akop Melkumyan başçılıq edirdi, ancaq heç bir mənbədə Ənvər Paşanı Melkumyanın şəhid etdiyi göstərilmir. Ənvər Paşa döyüş zamanı şəhid düşüb”.

F.Ələkbərli qeyd etdi ki, ermənilərin o zamanlar gah daşnak, gah sosial-demokrat olması, müxtəlif cildlərə girərək Türküstanda, Qafqazda, Anadoluda, Güney Azərbaycanda və başqa ərazilərdə xainliklərə al atması, cinayətlər törətməsi, terrorla məşğul olması bizə məlumdur. “Çox təəssüf ki, indi də ermənilər bu “ənənəni” davam etdirir. Bu isə onlara xeyir verməyəcək. Ermənistan hökuməti bölgədə sülh və barış istəyirsə məhz bu cür təbliğatlardan çəkinməli, belə iddialardan geri addım atmalıdır. Görünür ki, bu kimi məsələləri işıqlandırmaq, Ənvər Paşanın guya Akop Melkumyan tərəfindən öldürülməsi barədə məlumat yaymaq məsələsi revanşist qüvvələrin və Rusiya tərəfdarlarının əli ilə həyata keçirilir. Burda məqsəd ermənilərin şovinist, revanşist xislətlərini gücləndirmək, bölgədə barış və sülhün yaranmasına mane olmaqdır”-deyə F.Ələkbərli qeyd etdi.

Ekspert hesab edir ki, ermənilərin bu kimi açıqlamaları yalnız onların özlərinə ziyan vurur, bu isə onsuz da ümidsiz olan gələcəklərini tamamilə puç etməkdən başqa bir şey deyil.

F.Ələkbərli onu da dedi ki, Azərbaycan, Türkiyə, Türküstan, bütövlükdə türk xalqı öz humanistliyi, sülhpərvərliyi ilə tanınır və sülh, barış üçün əllərindən gələni edirlər, burda prosesə mane olan Ermənistandır.

Yeri gəlmişkən, özbək tarixçisi Şuxret Barlasın bu məsələ ilə bağlı Azərbaycan mətbuatında dərc edilən tədqiqatından bəzi məqamları yada salaq: “Bir çox məlumata əsasən, “Qızıl Ordunun” əsgərləri Ənvər paşanın meyitini tapa bilməyiblər.

Onlar hətta paşanın 1922-ci ilin 4 avqust tarixində qətlə yetirildiyini də bilməyiblər. Erməni tarixçilərinin uydurmasından fərqli olaraq, əslində Akop Melkumyanla Ənvər paşa arasında əlbayaxa döyüş olmayıb. Paşanın sinəsinə düşmən tərəfindən 5 güllə vurulub. Onun başını və qolunu heç kəs kəsməyib. Ənvər paşanın meyiti vətənində dəfn edilmədən əvvəl eksqumasiya keçirilib”.

Təbii ki, bu faktlar da növbəti erməni yalanını ifşa edir.

“Türk general Ənvər paşanın həyat və fəaliyyəti sirlərlə doludur. Onun şərəfli həyatı və ölümü ətrafında siyasi və tarixi spekulyasiyalar yığılıb.

Ənvər paşa Türkistanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəmanlıq etalonudur”-deyə sözügedən mənbədə qeyd edilib.

Göründüyü kimi, bütün bunlar erməni yalanından və uydurmasından başqa bir şey deyil və özbək tarixçi də öz araşdırmasında ermənilərin yalan dolu fikirlərini ifşa edib.

İradə SARIYEVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr