AZ

Qaytarılmayan ssudanı dövlət özü ödəyəcək - yeni "borc qanunu"...


Xalid Kərimli: "Ssudanın (ucuz kreditin) ən başlıca prinsiplərindən biri onun faizləri ilə birlikdə geri qaytarılması öhdəliyidır"

Prezident İlham Əliyevin "Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa etdiyi dəyişikliyə əsasən, Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

Qanuna əsasən, dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında onların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinin Təminat Fondu hesabına ödənilməsini nəzərdə tutur.

Ssuda, əsasən hüquqi və iqtisadi münasibətlər çərçivəsində müəyyən bir tərəfə müvəqqəti istifadə edilib geri qaytarılması şərtilə pul vəsaiti və ya əmlakın verilməsini nəzərdə tutur. Bu proses kredit təşkilatları, banklar, şirkətlər, dövlət büdcəsi və ya fiziki şəxslər arasında baş verə bilər.

Ssuda əsasən ehtiyac duyulan maliyyə vəsaitinin və ya digər resursların təmin edilməsi məqsədilə istifadə olunur. Bu, biznes əməliyyatlarının genişləndirilməsi, şəxsi ehtiyacların qarşılanması və ya investisiya imkanlarının yaradılması üçün istifadə edilə bilər.

Bu məsələnin praktikada tətbiqindən nə gözlənilir, bundan sui-istifadə halları ola bilərmi? Çünki qanunda başqa hal nəzərdə tutulmur, yalnız göstərilir ki, dövlət büdcəsindən verilən ssudalar qaytarılmadıqda, o, Təminat Fondu hesabına ödənilir. Belə çıxır ki, bundan sonra dövlət büdcəsindən alınan ssudaların heç biri geri qaytarılmayacaq?

İqtisadçi-ekspert Xalid Kərimli baki-xeber.com-a açıqlamasında bildirdi ki, burda iki məsələ var, birincisi ssudanın götürülməsidir: "Başlayaq elə birinci məsələdən. Dövlət orqanları adətən büdcədən ssuda götürür. Dövlət təşkilatları nədən pulu gedib banklardan götürməməlidir? Biz deyirik ki, sahibkarlığı inkişaf etdirmək istəyirik, əməli işə gələndə isə biz sahibkarı göndəririk ki, get sənə lazım olan vəsaiti bazardan tap, banklardan götür, dövlət təşkilatları isə hansısa məmurun xəyali layihələrini maliyyələşdirmək üçün dövlət büdcəsindən güzəştli şərtlərlə ssuda götürür. Bununla da dövlət müəssisəsi sahibkar qarşısında üstünlüyə malik olur. Yaxşı olardı ki, dövlət müəssisələri də sahibkar kimi vəsaiti banklardan əldə etsin. Bu daha ədalətli olardı.

Publik hüquqi şəxslərə (agentliklərə) geniş səlahiyyətlər vermişik, onların bazarda inhisarçı mövqeini təmin eləmişik. Məsələn, "Azparkinq" bütün yolların kənarıni zəbt edib. Qurum topladığı vəsaiti necə xərclədiyi barədə cəmiyyətə hesabat belə vermir. Amma bu dövlət müəssisəsidirsə, büdcədən güzəştli ssuda alırsa, onun fəaliyyəti də vətəndaş üçün şəffaf olmalıdır.

İkincisi, ssudanın götürülməsində də şəffafliq və hesabatlılıq olmalıdır. Ssudanı götürən təşkilat cəmiyyətə izah etməlidir - onun bu vəsaitlə gördürəcəyi iş nə qədər vacibdir ki, vəsaiti təşkilat güzəştli şərtlərlə dövlət büdcəsindən götürür. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən, ucuz götürülmüş borcun sonradan da Təminat Fondu tərəfindən qaytarılmasının özü də suallar doğurur. Çünki ssudanın (ucuz kreditin) ən başlıca prinsiplərindən biri onun faizləri ilə birlikdə geri qaytarılması öhdəliyidır. Bunu da aradan qaldırandan sonra artıq bu vəsait "ssuda" kriteriyalarını aşır. Təşkilat biləndə ki, o ssudanı qaytarmasa həmin vəsaiti Təminat Fondu qaytaracaq, hamı ssudanı qaytara bilmədiyini əsaslandırmağa başlayacaq, yəni vəziyyətdən sui-istifadə hallari kütləviləşəcək. Təminat Fondu da büdcədən maliyyələşən bir dövlət qurumudur. Bu prosedur yenə dövlət büdcəsinin səmərəsiz xərclənməsinə yol açacaq. Ona görə də bu məsələdə ciddi suallar yaranacaq və qərar özündə şəffaflıq və hesabatlılıqla bağlı çoxlu risqlər daşıyacaq".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr