Valaamda Vladimir Putinlə görüşdə Aleksandr Lukaşenko seçki kampaniyası zamanı Donald Trampdan necə narahat olduğunu bildirib.
Analitiklər qeyd ediblər ki, Belarus prezidenti ABŞ-ın yeni prezidentinin komandası ilə münasibətləri yaxşılaşdırmağa çalışır və vəziyyətin inkişafı Lukaşenkonun Moskva ilə Vaşinqton arasında geosiyasi gedişlərini sürətləndirəcək. Bu da Rusiya-Belarus ittifaqının parçalanmasına gətirib çıxara bilər. Bu arada, Belarus müxalifətinin lierlərindən olan Svetlana Tixanovskaya da son müsahibəsində Trampla görüşmək arzusunu bəyan edib. O ümid edir ki, ABŞ prezidenti Belarus müxalifəti ilə hakimiyyət arasında dialoqda vasitəçi olacaq.
Valaamda olarkən Aleksandr Lukaşenko siyasi analitikləri Belarus siyasətinin perspektivləri haqqında düşünməyə vadar edən bəyanatlar verib. Burada qədim monastırı ziyarət edən Lukaşenko jurnalistlərə açıqlamasında qeyd edib: “Kimsə qapını üzümüzə bağladısa, dünyada çoxlu açıq qapılar var. Rusiya da, Belarus da bu gün çox ciddi dönüş yaradıb. Dünya bizim gördüklərimizi hələ də qiymətləndirəcək. Biz yaşayırıq və yaşayacağıq. Bizim dünyamızda bizi heç kim diz çökdürə bilməyəcək. Biz öz maraqlarımızı müdafiə etməkdə qərarlıyıq”. Bununla yanaşı, o, Rusiyanın “Oreşnik” raket sisteminin Belarusa çatdırılması planlarını təsdiqləyib: “Xüsusiyyətlər ondan ibarətdir ki, hərbçilər praktik adam olsalar da və həmişə tələssələr də, gələn ilin nə vaxtsa bu “Oreşnik”i Belarusda yerləşdirəcəklər. Vladimir Vladimiroviç birbaşa deyib: “Bu il biz bu prosesləri - tikinti, quruculuq və sair, əsasən başa çatdırmalıyıq”. Lukaşenko rusiyalı həmkarı ilə həmrəylik nümayiş etdirərkən, prezident Donald Trampla münasibətləri ilə bağlı ruslar üçün bəzi gözlənilməz nüanslar səsləndirib. Belarusun BelTA xəbər agentliyi bu açıqlamanı belə yazır: “Aleksandr Lukaşenko Donald Trampı “bizim çox narahat olduğumuz ortaq dostumuz” adlandırıb”. Buna baxmayaraq, o, ABŞ prezidentinə ultimatum bəyanatları ilə bağlı dostcasına tövsiyələr verməkdən yayınmadı: “50, 60, 10 gün. Siyasət belə olmaz. Əgər o, sülh istəyirsə, diqqətlə, hərtərəfli işə qarışmalıdır. Bu, hərbi münaqişədir. Və orada heç nə göstərə bilməyəcəksiniz. Xüsusilə də nüvə gücünə qarşı. Mən bu yaxınlarda amerikalılarla görüşdüm. Bunu onlara açıq dedim. Onlar onun yaxın dostlarıdır. Siz, mən deyirəm, prezidentə deyin ki, bütün bunları diqqətlə etmək lazımdır. Biz razılığa gələ bilərik”. Rus politoloq Aleksandr Klaskovski bu açıqlamaları belə şərh edir: “Lukaşenko Putinlə birgə mətbuat konfransında Minskin Ukraynadakı vəziyyətin nizamlanmasında iştirakı mövzusuna toxunub. Ehtimal etmək olar ki, o, Trampın emissarları ilə eyni mövzuda təkbətək söhbət edib. Belarus hökmdarı yenə də Kelloq geopolitikasına cəhd edib. Kelloqla görüşdən sonra Belarus rəhbəri Sergey Tixanovskinin və digər bir qrup məhbusun azad edilməsinə razılıq verdi”.
Ekspert xatırladır ki, Lukaşenko əvvəllər amerikalı nümayəndələrlə qeyri-rəsmi ünsiyyətdə olub: “Trampın adamları onun sonuncu prezidentlik dövründə Belarus avtokratı ilə mübnasibətlərdə dönüşlər müşahidə edilir. 2019-cu ilin avqustunda Trampın o vaxtkı milli təhlükəsizlik müşaviri Con Bolton Kiyevdən sonra Minskə uçub. İstefa verəndən sonra Bolton ağzını açıb və Moskva ilə bütün ünsiyyət sirlərini açıqlayıb. Lulaşenko ona Rusiyanın Belarusun müstəqilliyini təhdid etdiyini, eyni zamanda Polşa və digər NATO ölkələri üçün də təhlükə hesab etdiyini bildirirdi. Ola bilsin ki, Bolton sadəcə olaraq Aleksandr Qriqoryeviçə böhtan atıb. Buna baxmayaraq, Amerika faktoru Belarusun daxili siyasətində getdikcə əhəmiyyətli rol oynamağa başlayır. Svetlana Tixanovskaya müxalifət resurslarından birinə müsahibəsində bildirib ki, onun Trampla görüşünün mümkünlüyü üzərində işləyən diplomatik müşaviri ABŞ-dan təzəcə qayıdıb. Üstəlik, keçən həftə o, ABŞ-ın vasitəçiliyi ilə müxalifət və iqtidarın dəyirmi masasını təşkil etməyə ümid etdiyini bildirib”. Bunlar fonunda Belarusun ABŞ-dəki müvəqqəti işlər vəkili Pavel Şidlovski bildirib ki, ölkəsi ABŞ ilə ikitərəfli münasibətlərin qurulması və gücləndirilməsi üzrə dialoq aparır: “ABŞ tərəfi ilə dialoqumuz davam edir. Səfirlik, həmçinin ABŞ-nin ictimai təşkilatları, ekspert cəmiyyəti ilə dialoq aparır. Belarusa müəyyən maraq müşahidə olunur. Lakin diplomatiya sakitliyi sevir, ona görə də hazırkı mərhələdə daha çox şey deyə bilmərəm”. Səfirlərin qarşılıqlı akkreditasiyası imkanı ilə bağlı suala cavabında diplomat bildirib ki, hazırkı mərhələdə Belarus ABŞ administrasiyası ilə dialoq aparır, lazımi əlaqələr qurulub və saxlanılır, lakin konkret olaraq bu mövzu hələ ki, gündəlikdə deyil. Belarus Rusiyanın yaxın müttəfiqidir, Ukrayna müharibəsi və bir çox geosiyasi məsələlərdə Kremlə tam dəstək verir. Bu kontekstdə Belarusun ABŞ-la münasibətləri normallaşdırmaq təşəbbüsləri diqqət çəkir. Moskvada qorxurlar ki, sonda Belarus da Rusiyanın arxasından çəkiləcək.
Tahir TAĞIYEV