AZ

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyətinin rolu artır


Müasir dövrdə informasiya müharibələrinin və rəqəmsal təbliğatın ön plana çıxması ilə ölkələrin beynəlxalq aləmdə öz maraqlarını müdafiə etməsi daha böyük diqqət tələb edir.

Azərbaycanın da üzləşdiyi informasiya təhdidləri fonunda milli maraqların qorunmasında təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır. Xüsusilə, Qarabağla bağlı tarixi ədalətin bərpası və Azərbaycanın suverenliyinə dair məsələlərdə vətəndaş cəmiyyətinin fəaliyyəti beynəlxalq ictimai rəyə təsir baxımından əvəzsizdir.

Qərbi Azərbaycan həqiqətləri BMT tribunasında...

Məlum olduğu kimi, vətəndaş cəmiyyəti dedikdə, qeyri-hökumət təşkilatları (QHT-lər), könüllü birliklər, gənclər təşkilatları, media qurumları və fərdi fəallar nəzərdə tutulur. Bu qurumlar dövlət strukturlarından asılı olmadan ictimai maraqları təmsil edir və müxtəlif mövzularda təşəbbüslərlə çıxış edirlər. Azərbaycanın vətəndaş cəmiyyəti də son illər beynəlxalq informasiya məkanında ölkə reallıqlarını çatdırmaq üçün mühüm fəaliyyətlər həyata keçirir. Bu xüsusda artıq uğurlu nümunələrin sayı sürətlə artır. Məsələn, Qərbi Azərbaycan İcması tərəfindən milli və beynəlxalq platformalarda Qərbi Azərbaycan məsələsi uğurla gündəmə gətilrilir.

Bu arada onu da xatırladaq ki, bir müddət öncə BMT katibliyi Azərbaycan prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Sözsüz ki, sözügedən müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır. Bu, indiki Ermənistan ərazilərdən zorla köçürülən, deportasiya olunan insanların taleyinə dünya ictimaiyyətinin diqqətini artırır. Bundan başqa, 30 ilə yaxın işğal altında qalmış Qarabağ və ətraf rayonlarda baş vermiş dağıntılar, mədəni və tarixi irsin məhv edilməsi, mina təhlükəsi və digər müharibə cinayətləri ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vətəndaş cəmiyyəti xüsusi təşəbbüslərlə çıxış edir. QHT-lər xarici media nümayəndələri üçün informasiya turları təşkil edir, sənədli filmlər hazırlayır və beynəlxalq tədbirlərdə iştirak edərək bu reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırır. MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura ötən ay baş tutan səfəri bunun daha bir nümunəsidir. Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahlar ermənilərin yaratdıqları problemləri öz gözləri ilə görüblər. Qeyd edək ki, 15 ölkədənsəyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradıb. Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə səfər edilib.

Məkrli niyyətlərin qarşısı alınır...

Onu da qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri beynəlxalq qeyri-hökumət şəbəkələrində fəal iştirak edir, müxtəlif beynəlxalq forumlarda çıxışlar edir, hesabatlar yayır və ölkəmizin haqq səsinin eşidilməsinə töhfə verir. Belə əməkdaşlıqlar nəticəsində erməni diasporunun və lobbi təşkilatlarının təbliğatına qarşı real faktlara əsaslanan alternativ informasiya təqdim olunur. Amma o da qeyd edilməlidir ki, bəzi məkrli qüvvələr ölkəmizlə bağlı məqsədlərinə çatmaq üçün vətəndaş cəmiyyətindən istifadə etməyə çalışır. Bunun qarşısnın alınması üçün də müvafiq addımlar atılır. Bununla bağlı prezident İlham Əliyev bu günlərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişikliyi təsdiq edib.

Nəticədə qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilib. Sənədə əsasən, hazırki tələblərə uyğun olaraq qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır. Yeni dəyişikliyə görə, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. O da qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur. Ümumiyyətlə, Azərbaycan dövləti də vətəndaş cəmiyyəti institutlarının beynəlxalq informasiya mübarizəsində rolunu dəstəkləyir. Dövlət qurumları, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vətəndaş təşəbbüslərinə maliyyə və təşkilati dəstək göstərir, onların beynəlxalq layihələrdə iştirakını təşviq edir. Bu əməkdaşlıq və sinerji Azərbaycan reallıqlarının daha geniş coğrafiyada tanıdılmasına imkan verir. O da faktdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yalnız hökumətin deyil, həm də vətəndaş cəmiyyətinin üzərinə düşən mühüm vəzifədir. Müasir informasiya dövründə vətəndaş cəmiyyətinin çevikliyi, təşəbbüskarlığı və beynəlxalq auditoriyaya çıxış imkanları bu missiyanın effektiv şəkildə həyata keçirilməsinə töhfə verir. Qarşıdakı illərdə də vətəndaş cəmiyyətinin gücləndirilməsi və onun beynəlxalq informasiya məkanında fəal iştirakının təmin edilməsi Azərbaycanın milli maraqlarının qorunmasında vacib rol oynayacaq.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
39
baki-xeber.com

1Mənbələr