AZ

Şəhid  Babək Əliyev anım günündə yad edilib

       Bu gün 2022-ci ildə Kəlbəcər rayonunu ərazidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olmuş qəhrəmanımız Babək Əliyevin anım günüdür. 
     Anım günündə Culfa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Culfa Rayon Pois Şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəsissələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, hərbçilər qəhrəmanı məzarı başında yad ediblər.
       Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət Himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub.
       Tədbirdə çıxış edənlər qeyd edib ki, 2022-ci il avqust ayının 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı bir millətin öz torpaqlarında separatizmə, terrora və qanunsuz erməni silahlı dəstələrinə qarşı hayqırdığı qürur dolu bir çağırış, həm də haqqın səsinə çevrilmiş qətiyyət idi.
      Bu əməliyyat, əslində, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən lokal antiterror tədbirlərinə aparan yolun başlanğıcı idi. "Qisas"la başlayan proses nəticə etibarilə separatizmin tam iflası və Azərbaycanın suverenliyinin bərpası ilə başa çatdı. 
       Ermənistan 44 günlük Vətən müharibəsi, "Qisas-1" "Qisas-2" əməliyyatları, lokal antiterror tədbirlərindən ciddi nəticə çıxarmalıdır. Unutmasınlar ki, hər bir təxribat onların öz əleyhinə çevriləcək. Azərbaycan bundan sonra da istənilən təhlükəni anında zərərsizləşdirmək əzmindədir və buna tam qadirdir.
        Tədbir iştirakçıları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, hörmət və ehtiramlarını ifadə ediblər.
      Qeyd edək ki, leytenant Babək Əliyev 1997-ci ildə Culfa rayonunun  Ləkətağ kəndində anadan olub. O, üç bacının bir qardaşı olub.
        Hərbi liseyi bitirdikdən sonra 2020-ci ildə xidmətinin ilk 3 ayında taqım komandiri sonra naliyətlərinə görə bölük kamandiri vəzifəsinə yüksəlib. "Azərbaycan Silahlı  Qüvvələrinin 100 illik yubiley" medalı ilə təltif edilən Babək nişanlı idi.
      O, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir.
     Vətən müharibəsində iştirakına görə Babək Əliyev baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib. 
     Vətən müharibəsindən sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərir.
      Qeyd edək ki, “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılmış, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin bir neçə hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatları sıradan çıxarıb.
     “Qisas” əməliyyatından sonra bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Babək Əliyev şəhidlik zirvəsinə ucalıb.
      Avqustun 6-da  İzdihamla qarşılanan şəhidimizin cənazəsi “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salınıb. 
      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Babək Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
    Ruhu şad olsun.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Seçilən
14
herbiand.az

1Mənbələr