AZ

Sanksiyalardan yayınmaq üçün Rusiya Ukrayna ilə “havada atəşkəs” təklif edir

Kreml Trampa güzəştə gedə bilər, lakin müharibəni bitirmək niyyətində deyil...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Kreml ABŞ Prezidenti Donald Trampa mümkün güzəşt kimi Ukrayna ilə “havada atəşkəs” razılaşmasını müzakirəyə çıxarıb. Bu təklifə əsasən, Rusiya pilotsuz uçuş aparatları və raketlərlə hava hücumlarını dayandıra bilər, lakin müharibəni ümumilikdə dayandırmaq niyyəti yoxdur.

Məsələ ilə tanış mənbələrin Bloomberg agentliyinə verdiyi məlumata görə, Kreml bu addımı ABŞ-ın mümkün ikinci dərəcəli sanksiyalarından yayınmaq üçün atmağı düşünür. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun bu həftə Rusiyaya səfəri belə bir dialoqun başlaması üçün gecikmiş olsa da, müəyyən fürsət yarada bilər. Amma tərəflər uğur ehtimalının az olduğunu etiraf edir.

Sözügedən təşəbbüs, əgər Ukrayna da razılıq versə, eskalasiyanın qarşısını almaq üçün mümkün jest kimi qiymətləndirilir. Lakin Vladimir Putin hərbi əməliyyatların tam dayandırılmasına razı deyil. Çünki Rusiya ordusu cəbhədə irəliləyişini davam etdirir və Kreml müharibə məqsədlərindən geri çəkilməyib.

Təklifin Kiyev və onun müttəfiqləri üçün qəbulolunmaz şərtlərlə müşayiət olunub-olunmayacağı hələlik bəlli deyil. ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Uitkoffun çərşənbə günü Rusiyaya səfəri gözlənilir. Bu, onun il ərzində Rusiyaya artıq beşinci səfəri olacaq. Kreml Tramp nümayəndəsinin Putinlə görüşə biləcəyini təsdiqləyib.

Moskva ilə yaxınlığı ilə tanınan politoloq Sergey Markov bildirib ki, “Trampa hansısa ‘hədiyyə’, yəni Rusiya tərəfindən güzəşt lazımdır”. Onun fikrincə, “hava sülhü” bu cür “hədiyyə” ola bilər.

Bu ideyanı ilk dəfə Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə Vladimir Putinlə birgə çıxışı zamanı gündəmə gətirib. Lakin Putin bu təklifə münasibət bildirməyib. Qeyd edək ki, iyun ayında Lukaşenko ABŞ-ın xüsusi nümayəndəsi Kit Kellogla görüşüb. Bu, 2020-ci ildən bəri Belarusda keçirilən ən yüksək səviyyəli ABŞ görüşü olub.

Lukaşenko jurnalistlərə açıqlamasında deyib: “Bəli, Rusiya bu məsələdə maraqlıdır, Prezident Putin də həmçinin. Amma siz istəmirsiniz. Zelenskiyə deyin, razı olsun”.

“Ukrainska Pravda”nın Prezident Aparatındakı mənbələrə istinadən verdiyi xəbərə görə, Kit Kellog bu həftənin sonuna doğru Kiyevə səfər edib Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Moskvanın müstəqil “Levada” mərkəzinin direktoru Denis Volkov bildirib ki, rusiyalıların üçdə ikisi müharibənin indiki mövqelərdə dayandırılmasını dəstəkləyir, dörddə biri isə hərbi əməliyyatların davamını istəyir. Onun sözlərinə görə, “əksər ruslar üçün müharibənin bitməsi — amma əvvəlki sərhədlərə qayıtmadan — qəbulolunan variantdır”.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr