AZ

Azərbaycanın gücü dəyişən dünyaya sabitlik gətirir...

Bu gün verilişimizdə Azərbaycanın enerji siyasətində yeni bir səhifənin açılmasından, Suriyaya qaz ixracının arxasındakı strateji hədəflərdən və Yaxın Şərqdə möhkəmlənən mövqeyimizdən danışacağıq. Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi və humanitar baxımdan önəmli bir dönüş nöqtəsidir. Bəs Azərbaycan qazı Suriyanın sabitliyinə necə töhfə verə bilər? Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı “İki sahil” TV-yə müsahibəsində bu məsələlərə aydınlıq gətirdi.

-Azər müəllim, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycanın təbii qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya ixracına başlanıldı. Bu strateji addım Azərbaycan üçün regional enerji xəritəsində necə yeni bir mərhələ, necə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər? Sizcə, bu layihənin bölgədə siyasi çəkisi və diplomatik əhəmiyyəti nə qədər önəmlidir?

-Türkiyənin Kilis şəhərində şahidi olduğumuz hadisə sadəcə enerji ixracı deyil, Azərbaycanın regionda artan siyasi çəkisinin, strateji baxışının bariz göstəricisidir. İlk dəfə olaraq Azərbaycan qazının Suriyaya çatdırılması faktı, əslində, illərlə qurulan diplomatik münasibətlərin və etibarlı tərəfdaşlığın məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən enerji siyasəti artıq yalnız Avropa bazarlarını deyil, Yaxın Şərq regionunu da əhatə edir. Bu isə ölkəmizin enerji diplomatiyasında yeni səhifə, region üçün isə sabitliyə, inkişaf və əməkdaşlığa doğru bir körpüdür. Azərbaycan təkcə enerji ixrac etmir, biz eyni zamanda sülh, sabitlik və əməkdaşlıq ixrac edirik. Suriyada illərlə müharibə nəticəsində dağılan enerji infrastrukturu fonunda gündəlik 3,4 milyon kubmetr qazın ötürülməsi, 900 meqavatlıq elektrik istehsalına şərait yaradılması milyonlarla insanın həyatına birbaşa təsir edəcək. Bu, həm də Azərbaycanın bərpa proseslərinə töhfə verməyə hazır olduğunu göstərir. Biz sadəcə iqtisadi maraqlar güdmürük. Biz dəyərlər əsasında siyasət aparırıq. Ona görə də Kilisdə baş verən hadisə tarixi əhəmiyyət daşıyır. Azərbaycan bu regionda həm iqtisadi, həm də insani baxımdan söz sahibi olan dövlətdir. Azərbaycanın Suriyaya qaz ixrac etməsi təkcə iqtisadi qərar deyil, bu, eyni zamanda, regionda siyasi etimadın möhkəmlənməsinə, sabitliyin dəstəklənməsinə yönəlmiş düşünülmüş və strateji addımdır. Biz təkcə enerji göndərmirik, biz əməkdaşlıq ruhu, dirçəliş və tərəfdaşlıq göndəririk. Azərbaycan bu layihə ilə Suriyanın münaqişədən sonrakı bərpasına real töhfə verir, eyni zamanda yeni əməkdaşlıq modellərinin yaranmasına təkan verir. Bu, dövlətimizin həm insani, həm də geosiyasi məsuliyyətini ortaya qoyur.

-Enerji ixracından sonra elektrik enerjisinin Yaxın Şərqə çatdırılması fikri də gündəmdədir. Bu sahədə Azərbaycanın hansı üstünlükləri var? Qaz tədarükündən sonra enerji sahəsində növbəti böyük addım nə ola bilər-neft, elektrik yoxsa yaşıl enerji? Gələcək perspektivləri necə görürsünüz?

-Bəli, enerji ixracı dedikdə bu gün artıq təkcə qaz və ya neft nəzərdə tutulmur. Müasir dünyada enerji anlayışı daha genişdir və Azərbaycan bu sahədə çoxşaxəli strategiya həyata keçirir. Hazırda qaz tədarükü ilə başladığımız prosesin növbəti mərhələsində elektrik enerjisi ixracı tamamilə real və prioritet istiqamətlərdən biridir. Xüsusilə də Yaxın Şərq regionu ilə enerji sahəsində əməkdaşlıq sürətlə genişlənir. Azərbaycanın elektrik enerjisi istehsal potensialı sürətlə artır. Biz bu sahədə son illər ərzində həm daxili tələbatı tam ödəyəcək, həm də ixrac üçün yetərli səviyyədə olan güclü infrastruktur qurmuşuq. Ən əsası, bizim enerji sistemimiz Avropa standartlarına uyğundur və bu da elektrik ixracını texniki baxımdan rahat həyata keçirməyə imkan verir. Yaxın Şərqdə isə, xüsusilə münaqişədən çıxmış ölkələrdə enerji təminatı ciddi çətinliklərlə üz-üzədir. Elektrik stansiyaları ya sıradan çıxıb, ya da qismən işləyir. Belə şəraitdə Azərbaycan kimi etibarlı tərəfdaşdan elektrik enerjisi almaq həm iqtisadi, həm də sosial baxımdan böyük üstünlüklər yaradır. Təbii ki, burada məsələ təkcə elektriklə bitmir. Azərbaycanın yaşıl enerji potensialı da artıq beynəlxalq arenada maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda qurulan Günəş və külək elektrik stansiyaları, Xəzər dənizində planlaşdırılan külək parkları bizi yaxın gələcəkdə yaşıl enerjinin ixracatçısına çevirə bilər. Bu sahədə artıq BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrlə ciddi əməkdaşlıq dialoqu gedir. Yəni, Azərbaycanın enerji gündəliyi mərhələli şəkildə genişlənir. Əvvəl qaz, sonra elektrik, ardınca isə yaşıl enerji. Hər bir mərhələdə biz həm iqtisadi baxımdan gəlir əldə edir, həm də regional əməkdaşlığı dərinləşdiririk. Azərbaycanın bu prosesdə rolu sadəcə təchizatçı olmaqdan ibarət deyil. Biz həm də təşəbbüskar, körpü quran və sabitlik gətirən tərəfdaşıq. Bir sözlə, Bakı bu gün Yaxın Şərqdə enerji diplomatiyasının güclü iştirakçısına çevrilib. Bu, ölkəmizin nüfuzunun göstəricisidir və gələcək mərhələlərdə bu mövqeyin daha da möhkəmlənəcəyinə əminik.

-Azərbaycanın qazını Suriyaya boru xətti ilə çatdırması sadəcə enerji tədarükü deyil, həm də güclü siyasi mesajdır. Sizcə, bu mesajı bölgə dövlətləri necə qəbul edir və bunun regional geosiyasətə təsiri nə dərəcədə əhəmiyyətlidir?

-Azərbaycan qazının Suriyaya çatması yalnız texniki və ya iqtisadi hadisə deyil. Bu, həm də bölgəyə ünvanlanmış strateji bir mesajdır. Biz bu addımla göstəririk ki, Azərbaycan regionda təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda sabitlik, əməkdaşlıq və etimad mühitinin təşəbbüskarıdır. Boru xəttindən keçən qaz əslində siyasi iradənin, diplomatik etimadın və tərəfdaşlıq ruhunun daşıyıcısına çevrilib. Bu layihə ilə biz sübut edirik ki, Azərbaycanın xarici siyasəti yalnız karbohidrogenlər üzərində qurulmayıb, bu siyasət etibarlılığa, şəffaflığa və qarşılıqlı faydaya əsaslanır. Bölgə dövlətləri bu addımı diqqətlə izləyəcək və əminəm ki, bu prosesi Azərbaycanın artan regional rolunun təzahürü kimi qiymətləndirəcəklər. Biz heç bir tərəfə qarşı yönəlməmişik, əksinə, bölgədə sülh və əməkdaşlıq üçün yeni platformalar yaratmaq istəyirik. Bu gün Azərbaycanın Suriyaya qaz ixrac etməsi sabah isə bəlkə də birgə enerji layihələrinin, elektrik mübadiləsinin, yaşıl texnologiyaların əsasını qoyacaq. Biz addımlarımızı müstəqil şəkildə, milli maraqlarımız və regional sabitlik prinsipinə uyğun olaraq atırıq. Azərbaycan bu layihə ilə həm də göstərir ki, o, ziddiyyətlərdən qidalanmır, əməkdaşlıqla irəliləyir. Biz boru xəttini bölgəni birləşdirən bir körpüyə çeviririk. Bu, bizim diplomatiyamızın fərqidir.

-Azərbaycanın Suriyaya yanaşması təkcə iqtisadi deyil, həm də humanitar və mədəni aspektlərdən ibarətdir. Hələb kimi qədim şəhərlərlə dərin mədəni bağlarımızın olduğu bir şəraitdə beynəlxalq ictimaiyyət bu çoxşaxəli siyasəti necə dəyərləndirir? Azərbaycanın mədəni diplomatiyası bu kontekstdə yeni bir mərhələyə qədəm qoyurmu?

-Azərbaycanın Suriyaya yanaşması sadəcə iqtisadi maraqlarla izah oluna bilməz. Bu, həm də humanitar dəyərlərə, tarixi bağlılıqlara və mədəni körpülərə əsaslanan çoxşaxəli siyasətdir. Biz qaz ixracı ilə bu ölkənin enerji ehtiyaclarını ödəməklə yanaşı, eyni zamanda, onun bərpasına, dirçəlişinə mənəvi dəstək göstəririk. Azərbaycanın dövlət olaraq xarici siyasətində bir məqam həmişə ön planda olub: biz hər zaman insanı, mədəniyyəti və ortaq tarixi unutmamışıq. Hələb kimi şəhərlərlə bizi təkcə enerji maraqları deyil, mədəni yaddaş da birləşdirir. Tarix boyu həmin torpaqlarda azərbaycanlı izləri olub, indi də o bağları canlandırmaq bizim borcumuzdur. Mədəni diplomatiya uzun illərdir dövlətimizin xarici siyasət alətlərindən biridir. Bu gün isə həmin alət yeni bir coğrafiyaya - Yaxın Şərqə yönəlir. Bu təkcə, sənət, musiqi və tarixlə bağlılıq deyil, bu, həm də xalqlar arasında yeni anlaşma mühitinin yaradılması deməkdir. Bütün bunlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Çünki Azərbaycan nə etdiyini düşünərək, məsuliyyətlə və ardıcıl şəkildə həyata keçirir. Biz heç vaxt görüntü xatirinə addım atmırıq, bizim hər təşəbbüsümüzün arxasında siyasi məsuliyyət, strateji baxış və humanitar niyyət dayanır. Bir sözlə, bu gün Azərbaycan regionda sadəcə enerji təchizatçısı deyil, həm də mədəni və mənəvi bağlar quraraq sabitliyin təminatçısı rolunu oynayır.

-Azərbaycanın Yaxın Şərqdə formalaşmaqda olan enerji bazarına inteqrasiyası hansı çağırışları və fürsətləri ortaya çıxarır?

-Azərbaycanın Yaxın Şərqdə formalaşmaqda olan enerji bazarına inteqrasiyası həm strateji fürsətlər, həm də mühüm çağırışlar doğurur. Amma dövlətimizin apardığı balanslı və çoxvektorlu xarici siyasət bu inteqrasiyanı uğurla idarə etmək üçün əlverişli zəmin yaradır. İlk növbədə fürsətlərdən danışsaq, bu bazara çıxış Azərbaycanın enerji ixrac coğrafiyasının genişlənməsi deməkdir. Əgər bu günə qədər əsas diqqət Avropa bazarlarına yönəlmişdisə, artıq Yaxın Şərq regionu yeni, sürətlə inkişaf edən və enerji təhlükəsizliyi baxımından həssas bir məkan kimi gündəmdədir. Azərbaycan bu boşluğu etibarlı təchizatçı kimi doldura bilər. Eyni zamanda, bu inteqrasiya bizə regional əməkdaşlıq imkanlarını genişləndirmək, yeni infrastruktur layihələrində iştirak etmək, o cümlədən tranzit və enerji ötürülməsi sahəsində rolumuzu gücləndirmək imkanı verir. Bu, Azərbaycanın regional nüfuzunun artması, iqtisadi təsir dairəsinin genişlənməsi baxımından olduqca önəmlidir. Amma təbii ki, bu yol asan deyil. Bu bazarda müxtəlif siyasi maraqlar, geosiyasi toqquşmalar, daxili sabitliklə bağlı çətinliklər mövcuddur. Bəzi hallarda rəqabət mühiti gərgin ola bilər, müəyyən regional oyunçular bu prosesləri öz maraqları çərçivəsində yönləndirməyə çalışa bilərlər. Məhz bu səbəbdən Azərbaycan bu məsələdə ehtiyatla, ancaq prinsipial şəkildə addımlar atır. Biz heç bir blok və düşərgə daxilində yox, hamı ilə əməkdaşlıq prinsipinə əsaslanan siyasət yürüdürük. Azərbaycanın enerji diplomatiyası da məhz bu model üzərində qurulub, yəni, etibarlılıq, şəffaflıq, qarşılıqlı fayda və uzunmüddətli tərəfdaşlıq. Bir sözlə, Yaxın Şərq bazarına inteqrasiya bizim üçün sadəcə iqtisadi seçim deyil, bu həm də Azərbaycanın bölgədə sabitliyin, əməkdaşlığın və inkişafa yönəlmiş təşəbbüslərin daşıyıcısı kimi çıxış etdiyini sübut edir. Bu mövqe isə dövlətimizin nüfuzuna yalnız müsbət təsir göstərir.

Səbinə Qorxmaz, "İki sahil"

Seçilən
3
ikisahil.az

1Mənbələr