Britaniyanın neft-qaz şirkəti BP bu il ərzində ofis işçilərinin ən azı 15%-ni ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Marja.az Şirkətin bəyanatına istinadən xəbər verir ki, 40 min ofis əməkdaşından 6,2 mini ixtisara düşəcək və 2025-ci ilin birinci rübündən etibarən əməkhaqqı fondunda əhəmiyyətli dərəcədə əlavə qənaət əldə etmək planlaşdırılır.
Bundan əvvəl BP, 2025-ci ildə 4,7 min iş yerinin ixtisarı ilə bağlı planlarını açıqlamışdı.
BP-nin baş direktoru Mörrey Oinkloss mətbuata müsahibəsində bildirib ki, sentyabrda vəzifəyə başlayacaq yeni İdarə Heyətinin sədri Albert Manifold “gəlirlilik, dəyər və səmərəliliyə tam şəkildə fokuslanacaq”. Oinklossun sözlərinə görə, şirkət Manifold ilə birlikdə BP-nin fəaliyyətini dərindən təhlil edəcək və bundan sonra xərclərə dair əlavə audit həyata keçirəcək.
İxtisar qərarı BP-nin rüblük maliyyə hesabatının dərc edilməsi ilə eyni vaxtda açıqlanıb. Hesabatda qeyd olunur ki, şirkətin ikinci rübdə mənfəəti 2,4 milyard dollar təşkil edib — bu, analitiklərin proqnozlarını üstələyib. İdarə Heyəti rüblük dividendləri 4% artırmaq və 750 milyon dollarlıq səhm geri alım proqramını davam etdirmək qərarına gəlib.