Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Futbolçularıma təşəkkür edirəm, sona qədər oyunda qaldılar. Düzdür, səhvlərimiz oldu, amma nəticəyə oynaya bildik. Rəqib haqda xoş sözlər demək istəyirəm. Əvvəlki iki oyunda qələbə qazanmışdılar və bu, göstərdi ki, “Şkendiya” layiqli qələbə qazanıb. Çox güclü komandaya qarşı yaxşı oyunla qalib gəlmişdilər. Bu gün bizə çox gərginlik yaratdılar. Hər bir halda, bu cür oyunlarda qələbə qazanmaq üstünlükdür. Amma Bakıda daha diqqətli olmalıyıq. Qarşımızda məğlubiyyəti sevməyən komanda var.
– 17 ildir, komandada uğurla çalışırsız və ümid edirəm, daha 17 il də çalışarsınız. Bu gün stadionda 20 mindən çox azarkeş var idi. Atmosfer haqda nə deyə bilərsiniz və bugünkü nəticədən sonra özünüzü pley-offda görürsünüz?
– Verdiyiniz dəyərə, göstərdiyiniz hörmətə görə təşəkkür edirəm. Sizi Bakıya dəvət edirəm, imkanınız olsa gəlin, qonağımız olun. Futbolun gözəlliyi azarkeş, atmosferdir. Bu qədər fanatın olması oyunu daha da gözəlləşdirmişdi. Sanki “Şkendiya”ya əlavə motivasiya gəlmişdi. Çünki neçə il əvvəl bu arenada oynamışdıq, ancaq bu qədər azarkeş yox idi. Sizlərə, azarkeşlərə, komandaya təşəkkür edirəm ki, yaxşı atmosfer və mübarizə oldu.
– Kadi Borges sanki bir qədər zəif təsir bağışladı…
– Ola bilər, ancaq indi bunu müzakirə etməli deyilik. Rəqib ona daha yaxın oynayır, diqqətdə saxlayırdı. Bu gün bir az həyəcan var idi. Azarkeşlərin böyük basqısı var idi. İstədiklərimizin bəzisi alınmaya bilər, amma yaxşılaşdırdığımız elementlər də oldu. Vacib olan sona qədər ayaqda qalmaq idi. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz.
– “Şkendiya”nın heyətində “Qarabağ”da oynaya biləcək oyunçu var?
– Bizdə alban deyəndə ilk ağıla gələn Ansi Aqollu olur. Çox dəyərli futbolçu idi. Ümumiyyətlə, Balkan zonasının futbolçularında, idmançılarında böyük xarakter olub. Bizə lazım olan elementlərdəndir. “Şkendiya”dan kiminsə adını çəkmək düzgün olmaz. Onların motivasiyalarını pozmaq olmaz. Bəzi oyunçular var ki, gələcək üçün nəzərimizdə saxlayacağıq.
Şahin Cəfərov