AZ

Dünyanın kütləvi musiqi festivalları

Musiqi əsrlər boyu mədəni sərhədləri aşaraq insanları bir araya gətirən ən güclü bəşəri dəyərlərdən biri olub. Zaman keçdikcə bu sənət növü təkcə dinlənilən yox, həm də yaşanan bir təcrübəyə çevrilib. Xüsusilə son onilliklərdə texnoloji tərəqqi, nəqliyyatın əlçatanlığı və sosial medianın gücü musiqi festivallarını qlobal miqyasda milyonların qatıldığı möhtəşəm mədəniyyət hadisələrinə çevirib. Artıq festivallar yalnız musiqi yox, eyni zamanda iqtisadi, sosial və mədəni platforma rolunu oynayır. İndi isə gəlin, iştirakçı sayı və nüfuzu ilə fərqlənən dünyanın ən irimiqyaslı musiqi festivallarına nəzər salaq.

Donauinselfest (Avstriya)

Avstriyanın paytaxtı Vyana hər il yay fəslində Donauinselfest festivalına ev sahibliyi edir. Tuna çayının ortasında yerləşən adada keçirilən bu tədbir açıq havada təşkil olunan ən genişmiqyaslı musiqi festivalı kimi tanınır. Üç gün ərzində müxtəlif janrlarda yüzlərlə ifaçı səhnəyə çıxır. Festivalın girişinin pulsuz olması isə iştirakçı sayını əhəmiyyətli dərəcədə artırır. İllik ümumi ziyarətçi sayı bəzi hallarda 3.5 milyon nəfəri ötür.

Mawazine (Mərakeş)

Rabatda baş tutan Mawazine – Rhythms of the World festivalı Afrika və Yaxın Şərqin musiqi ruhunu qlobal səhnəyə daşıyır. Rihanna, Mariah Carey, David Guetta, Shakira kimi ulduzların çıxışı ilə yadda qalan bu festival 2013-cü ildə iştirakçı sayı baxımından zirvəyə çataraq 2.5 milyona yaxın ziyarətçi cəlb edib. Afrika qitəsində təşkil olunan ən böyük musiqi tədbiri olan Mawazine, eyni zamanda, dünyada ikinci ən böyük festival statusuna malikdir.

Coachella (ABŞ)

Kaliforniyanın isti səhrasında keçirilən Coachella Festivalı yalnız iştirakçı sayı ilə deyil, həm də yaratdığı mədəni təsirlə seçilir. İki həftəsonunu əhatə edən bu tədbirdə ümumilikdə 250-300 min arası insan iştirak edir. Moda, texnologiya, incəsənət və musiqi burada bir araya gəlir. Coachella səhnəsinə çıxmaq bir çox sənətçi üçün karyera baxımından prestij göstəricisinə çevrilib.

Rock in Rio (Braziliya və digər ölkələr)

1985-ci ildə Braziliyada keçirilən ilk Rock in Rio festivalı 1.38 milyon iştirakçısı ilə tarixə düşdü. Sonradan Madrid, Lissabon və Las Veqas kimi şəhərlərdə də təşkil edilən bu festival müxtəlif musiqi janrlarına ev sahibliyi edir. Metallica, Beyoncé, Coldplay kimi adlar Rock in Rio-nu dünya miqyasında diqqət mərkəzinə çəkir. İllər üzrə orta iştirakçı sayı 700 min civarındadır.

Summerfest (ABŞ, Milwaukee)

ABŞ-ın Milwaukee şəhərində keçirilən Summerfest "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən böyük musiqi festivalı kimi düşüb. 11 gün davam edən bu tədbir ildə 800 mindən çox insanı bir araya gətirir. Onlarla səhnədə yüzlərlə sənətçi çıxış edir, festival ərazisində isə əyləncə zonaları, yemək və alış-veriş məkanları yaradılır. Bu festival xüsusilə ABŞ-ın Mərkəzi bölgəsində musiqisevərlərin yay ənənəsinə çevrilib.

Glastonbury (Böyük Britaniya)

İngiltərənin Somerset bölgəsindəki Glastonbury Festivalı yalnız musiqi ilə məhdudlaşmır. Teatr, rəqs, kabare və vizual sənətləri də özündə birləşdirən bu tədbir hər il on minlərlə insanı cəlb edir. Ən izdihamlı illərdə iştirakçı sayı 200 minə çatır. Ekoloji və sosial məsələlərə həssas yanaşması ilə fərqlənən Glastonbury festivallar arasında alternativ və şüurlu ruhu ilə seçilir.

Pol’and’Rock Festival (Polşa)

Şərqi Avropanın ən çox ziyarət edilən musiqi tədbirlərindən biri olan bu festival, əvvəllər Woodstock Festival Poland adı ilə tanınıb. İştirakın tamamilə pulsuz olması və sosial-mədəni mesajlarla zəngin proqramı sayəsində 2014 və 2019-cu illərdə ziyarətçi sayı 750 min nəfərə yaxınlaşıb.

Tomorrowland (Belçika)

Elektron musiqinin qlobal bayramı olan Tomorrowland Festivalı hər il Belçikanın Boom şəhərində baş tutur. Yüksək texnologiya ilə təchiz edilmiş səhnələr, nağılvari dekorlar və dünyanın ən məşhur DJ-ləri bu tədbiri fərqləndirir. İki həftəsonu boyunca festivalda ümumilikdə 400 min nəfər iştirak edir. Gənclər arasında bu festival "elektron musiqinin ziyarətgahı" kimi tanınır.

Fuji Rock (Yaponiya)

Yaponiyanın dağlıq bölgəsində yerləşən Naeba kurortunda keçirilən Fuji Rock Festivalı Asiyanın ən prestijli musiqi tədbirlərindən biri hesab olunur. Təbii mənzərələr, yüksək təşkilatçılıq və nizam-intizam bu festivalın əsas özəllikləridir. Orta illik iştirakçı sayı 100-150 min arasında dəyişir. Yağışlı illərdə bu göstərici azalsa da, festivalın ruhuna xələl gəlmir.

Göründüyü kimi, günümüzdə musiqi festivalları sadəcə konsertlər seriyası deyil, qlobal miqyasda mədəniyyət mübadiləsinin platforması, iqtisadi canlanmanın mühərriki və sosial enerjinin mərkəzi rolunu oynayır. İştirakçı sayı ilə dünya rekordlarına imza atan bu tədbirlər, musiqinin universal gücünü bir daha sübut edir. Onlar göstərir ki, dil fərqli, janr müxtəlif olsa da, musiqi insanlığı eyni ritmdə birləşdirə bilən nadir fenomendir.

Nigar Orucova, "İki sahil"

Seçilən
32
ikisahil.az

1Mənbələr