UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirdiyi görüşdə 1:0 hesablı qələbə qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Futbolçularıma sona qədər mübarizə apardıqları üçün təşəkkür edirəm. Təbii ki, texniki səhvlərimiz oldu, amma ən vacibi nəticə üçün oynamağı bacardıq. Rəqib komanda barədə xoş sözlər demək olar. Son iki oyunda qazandıqları qələbələrin təsadüfi olmadığını bu gün bir daha sübut etdilər. Belə çətin bir oyundan sonra qələbə ilə dönmək bizim üçün böyük üstünlükdür. Ancaq cavab oyununda daha diqqətli və ciddi olmalıyıq”.
Təcrübəli mütəxəssis stadiondakı atmosferə də toxunub:
“Futbolun gözəlliyi azarkeşlərdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da maraqlı etdi. “Şkendiya” azarkeşlərinin dəstəyi ilə daha da motivasiya olmuşdu. Biz bu stadionda bir neçə il əvvəl də oynamışdıq, amma bu dəfə fərqli bir atmosfer vardı”.
Qurbanov Kadi Borgesin çıxışı və rəqib komandanın bəzi futbolçuları ilə bağlı da fikirlərini bildirib:
“Ola bilər ki, bəzi epizodlarda zəif təsir bağışladı. Amma bu gün bunu xüsusi müzakirə etməyə ehtiyac yoxdur. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Müdafiəçilər ona qarşı daha çox diqqətli idilər. Hər bir oyunçu 90 dəqiqə eyni səviyyədə çıxış edə bilməz”.
Komandamızda daha əvvəl də alban futbolçular olub – məsələn, Ansi Aqolli və Admir Teli. Onlar həm dəyərli insan, həm də əla futbolçu idilər. Ümumiyyətlə, Balkan ölkələrindən olan oyunçularda güclü xarakter olur. “Şkendiya”nın heyətindən konkret bir futbolçu barədə fikir bildirmək istəmirəm – bu, etik olmaz”.