AZ

Sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz etibarlı tərəfdaş olduğunu təsdiq edir

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələrinin uğurlu sonluqla başa çatması  dünyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, növbəti  layihələrə, yeni körpülərin qurulmasına stimul verir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi  onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Ölkəmizin malik olduğu iqtisadi potensial, düşünülmüş və gələcəyə hesablanmış siyasət uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Bu fikir daim önə çəkilir ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət əsas faktordur. Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başladığı inkişaf yolu davamlı uğurlarımızı şərtləndirir. Bu gün hansı sahəyə diqqət yetirsək Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını görürük. Ulu Öndər ilk gündən bu çağırışı səsləndirdi ki, heç bir ölkə  səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu kontekstdə imzalanan  “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuz qazanmasını təmin etdi.  

Bugünümüzün enerji diplomatiyasının uğurlarından bəhs edərkən bu məqamı əminliklə qeyd edirik ki, ölkəmizlə həm  ənənəvi enerji, həm də  bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən  fakt  azad edilmiş torpaqlarımızda  yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda Günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» və Səudiyyə Ərəbistanı Krallığının  «ACWA Power» şirkətləri ilə müqavilələr imzalandı. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji zonası» üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji zonası» konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Azərbaycan ötən il COP29 iqlim konfrasına ev sahibliyi ilə dünyanın diqqətində oldu. Bu tədbirlərə Azərbaycanın ev sahibliyini şərtləndirən amillər sırasında ölkəmizin sabitlik diyarı, təhlükəsiz ölkə kimi nüfuz qazanması, tanınması da  böyük rol oynayır.  Azərbaycan COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Çıxışlarında «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi» söyləyən cənab İlham Əliyev onu da  qeyd edir ki, bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq: «Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər… Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi….Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.» Prezident İlham Əliyev bildirir ki,  bu tədbiri  çox böyük uğur adlandırmaq olar. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlar  sırasında  2022-ci ilin  dekabr ayında  Buxarest şəhərində yaşıl enerjiyə dair  mühüm tədbirin  keçirildiyini də qeyd edə bilərik. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək  yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Cənab İlham Əliyev bildirir ki,  bu layihə çərçivəsində  ən azı  4 qiqavat yaşıl enerjini Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.

Səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Hər dövrün öz çağırışı vardır. Cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, əlbəttə, görüləcək işlər çoxdur. TANAP, TAP genişlənməli,  digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır.  Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli,  komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq çox önəmlidir. Bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxarır. Dövlət başçısı İlham Əliyev istər ötən ay Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatanın 17-ci Zirvə görüşündəki, istərsə də III Şuşa Qlobal Media Forumundakı çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşündə “Ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir” söyləyən cənab İlham Əliyev III Şuşa Qlobal Media Forumunda əlavə olaraq onu qeyd etdi ki, ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə  biz bütün planlarımıza nail olmuşuq. Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var: “Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik.”

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu enerji diplomatiyamızın mühüm uğurudur. İkitərəfli əməkdaşlığın yeni priortetlər üzrə inkişafı beynəlxalq səviyyədə əlaqələrin inkişafına geniş imkanlar açır. Dövlətimizin başçısı onu da bildirir ki, Azərbaycan öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcıl enerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Təbii qaz təchizatçısı kimi rolu və infrastrukturun modernləşdirilməsi sahəsindəki səyləri Azərbaycanı qlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirib. 

Avqusun 2-də enerji sektorumuzda növbəti tarixi hadisə yaşandı. Belə ki, Azərbaycan qazının qardaş Tükiyənin ərazisindən Suriyaya nəqlinə başlanıldı. Onu da qeyd edək ki, Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı birgə açıqlama yaydılar. Bu hadisə sözügedən 4 ölkə arasında əlaqələrin dərinləşdirilməsində mühüm addım kimi dəyərləndirilir. Açıqlamada qeyd edilir ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 2-də rəsmi olaraq fəaliyyətə başlayıb. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir. Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə verən mühüm humanitar addımdır. Ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər.

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatdı. Bu, zəngin enerji resurslarına malik olan Azərbaycanın bu potensialdan səmərəli istifadəsinin, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr vermək istəyinin reallıqda öz əksini tapmasının göstəricisidir. Təbii ki, bu say son deyil. Azərbaycanın tərəfdaşlarının coğragiyasının genişlənməsi fonunda yeni layihələrin gündəmə gətirilməsi və uğurlu sonluqla başa çatacağı qaçılmazdır.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr