AZ

Azərbaycan süni intellektdən necə yararlanır?

Artıq süni intellekt iqtisadiyyatın və elmin ən potnesial inkişaf vasitəsinə çevrilib. İndi qabaqcıl ölkələrin kənd təsərrüfatı, səhiyyə, media, təhsil, hətta enerji sahəsində də süni intellektin tətbiqi ilə innovativ dəyişikliklər reallaşdırılmaqdadır. Ölkəmizdə də  bu istiqamətdə önəmli işlər həyata keçirilir. Çünki Azərbaycan dövləti də süni intellektə əsaslanan xidmətlərin təkmilləşdirilməsində prinsipal maraqlara sahibdir. «Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası»nın qəbul olunması buna əyani sübutdur. Sözügedən startegiyada süni intellektin prioritet sahələr kimi səhiyyə, nəqliyyat, təhsil, gömrük sektoru müəyyən edilib. Məhz bu sahələrdə yeni texnologiyanın tətbiqi ilə xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq.

İlk növbədə Azərbaycanda səhiyyə sahəsində süni intellekt texnologiyaları hələ ki, pilot layihələr səviyyəsində tətbiq olunur. Xüsusən, xəstə məlumatlarının rəqəmsallaşdırılması, elektron reseptlər, tibbi görüntülərin analizi və diaqnoz dəstəkləyici sistemlərdə süni intellektin verdiyi imkanlar tibb işçilərinin köməyinə çatır. Artıq bəzi klinikalar xəstə axınının proqnozlaşdırılması və resursların daha optimal idarə olunması məqsədilə süni intellekt sistemlərini test mərhələsində tətbiq etməyə başlayıblar.

Həmçinin süni intellektdən istifadəyə ölkəmizin təhsil sektorunda da rast gəlinir və daha çox rəqəmsal öyrənmə platformaları və fərdiləşdirilmiş təhsil modelləri üçün istifadə olunur. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində - ADA Universitetində, Bakı Ali Neft Məktəbində və UNEC-də süni intellekt üzrə ixtisas və tədqiqat proqramları mövcuddur. Bir sıra məktəblərdə də rəqəmsal təhsilin genişləndirilməsi ilə yanaşı, süni intellekt əsaslı təlim vasitələrinin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Yəni, bu, o deməkdir ki, elektron resurslar, onlayn qiymətləndirmə sistemləri və virtual müəllim texnologiyaları artıq bəzi təhsil müəssisələrində istifadə edilir.

Bundan başqa, Bakı şəhərində nəqliyyat axınının idarə edilməsində də süni intellekt nəqliyyatçıların köməyinə çatır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) piyadaların davranışlarını izləyib adekvat cavab verən videonəzarət sistemlərində bu texnologiyanın verdiyi üstünlüklərdən istifadə edir. Eyni zamanda, real vaxt analizləri ilə yol hərəkətini süni intellektlə effektiv şəkildə tənzimləmək mümkündür. AYNA son zamanlar ictimai nəqliyyatda sərnişin axınının proqnozlaşdırılması və marşrut planlaşdırılması üçün Bakının rəqəmsal əkizinin yaradıldığını açıqlayıb ki, bu da süni intellekt əsaslı data deməkdir.

Kənd təsərrüfatında süni intellektdən yararlanmaq bu sahəyə bir xeyli səmərə gətirir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi və «Aqroservis» ASC süni intellekt texnologiyalarından məhsul planlaşdırılması, torpaq analizləri və zərərvericilərin aşkarlanması üçün geniş istifadə edirlər. O cümlədən, «ASAN xidmət» mərkəzlərində, «myGov», fərdi SİMA proqramlarında və digər dövlət platformalarında vətəndaşların sorğularının avtomatlaşdırılmış cavablandırılması məhz süni intellektin verdiyi imkanlardır. Bu isə sənəd emalı və «ChatBot»ların istifadəsini sürətləndirir ki, nəticədə xidmətlərin keyfiyyəti yüksəlir.

Süni intellektin geniş istifadə olunduğu digər dövlət şirkəti isə SOCAR-dır. Şirkətdə proseslərə nəzarət etmək üçün avtomatlaşdırılma ilə bərabər, süni intellekt texnologiyaları da geniş tətbiq olunmağa başlanılıb. Sözügedən yeni texnologiya SOCAR-ın Karbamid zavodunda tətbiq edilir.  Xüsusilə  zavodda quraşdırılan APC (Advanced Process Control) sistemi ilə süni intellektin sintezi sayəsində 2024-cü ildə 13 milyon ABŞ dolları həcmində əlavə dəyər yaradılıb. Həmçinin 7 milyon kubmetr təbii qaza, 1,5 milyon kilavat-saat elektrik enerjisinə qənaət edilib. Ən nəhayət, 70 min ton su israfının qarşısı alınıb.

 Süni intellektdən səmərəli istifadə  gömrük əməliyyatlarında da operatfliyi və keyfiyyəti yüksəldib. Belə ki,  yeni texnologiyadan istifadə yüklərin  və malların təhlili, eləcə də izlənilməsi prosesini sürətləndirib, risklərin qiymətləndirilməsini həyata keçirib.

Elçin Zaman, «İki sahil»

Seçilən
13
ikisahil.az

1Mənbələr