ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 17-də keçiriləcək növbəti toplantısında faiz dərəcəsini endirmək ehtimalı 89.4 faiz təşkil edir.
Bu, bazar treyderlərinin proqnozlarında əksini tapıb. Beləliklə, aydın olur ki, bazar iştirakçılarının böyük əksəriyyəti FED-in hazırda 4.25–4.50 faiz təşkil edən əsas uçot dərəcəsini 4.00–4.25 faizə qədər endirəcəyini gözləyir.
Qeyd edək ki, son aylarda prezident Donald Tramp ABŞ əmək bazarından alınan müsbət məlumatlar fonunda FED-in uçot dərəcəsini azaltmamaq siyasətini bir neçə dəfə tənqid edib. O, FED rəhbəri Cerom Pauelli “cənab çox ləng” adlandıraraq, onu uçot dərəcəsini əsassız olaraq yüksək saxlamaqla ABŞ hökumətinə, vətəndaşlarına zərər vurmaqda ittiham edir. Tramp bildirir ki, yüksək faiz dərəcələri iqtisadi fəallığın daha sürətlə artmasının qarşısını alır, biznesin, vətəndaşların xərclərini artırır.
FED rəhbərliyi isə yeni administrasiyanın tarif siyasətinin iqtisadiyyata təsirlərinin tam dəqiqləşmədiyini əsas gətirərək uçot dərəcəsini indiki qeyri-müəyyənlik fonunda aşağı salmağın təhdidlər formalaşdıra biləcəyini vurğulayır. ABŞ prezidentinin təzyiqlərinə rəğmən Cerom Pauell öz səlahiyyət müddətinin sonuna qədər – 2026-cı ilin mayınadək vəzifəsindən istefa verməyəcəyini bəyan edir.
Dünyanın bir saylı iqtisadiyyatına və ehtiyat valyutasına sahib olan ABŞ-da uçot dərəcəsindəki dəyişik bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. FED-in qərarları yalnız ABŞ iqtisadiyyatı üçün deyil, bütün dünya üçün istiqamətverici rol oynayır. Xüsusilə dollarla ticarət edən ölkələrdə, inkişaf edən iqtisadiyyatlarda və enerji ixracatçısı olan dövlətlərdə bu qərarlar birbaşa iqtisadi gedişata təsir göstərir.
Son aylarda ABŞ-da inflyasiyanın davamlı azalması, yeni iş yerlərinin artım dinamikasının yüksəlməsi kimi amillər uçot dərəcəsinin azaldılması üçün əsas hesab olunur. Lakin Tramp administrasiyası üçün bu məsələ həm də 2026-cı ildə gözlənilən Konqresə ara seçkiləri baxımından əhəmiyyətlidir. Belə ki, dərəcələrin endirilməsi iqtisadi aktivliyi artırmaqla Trampa siyasi dvidendlər gətirə bilər.
FED qərarlarının qlobal iqtisadiyyata təsirləri birmənalı qiymətləndirilmir. Məsələn, uçot dərəcəsinin aşağı salınması dolları digər valyutalar qarşısında zəiflətməklə ABŞ-ın ixracını stimullaşdıra, bu ölkəyə ixracı dəyərsizləşdirə bilər. Dolların zəifləməsi fonunda xammal bazarlarında qiymətlərin artması baş verir ki, bu da həmin məhsulların ixracatçıları üçün əlverişlidir. Lakin idxalçı ölkələr üçün bu proses arzuolunmazdır, çünki onların xərclərini artırır.
Ucuz dollar inkişaf etməkdə olan bazarlara daha çox investisiya axınına səbəb ola bilər. Bu isə bu ölkələrin valyutalarını və bazarlarını canlandıra bilər.
ABŞ-da uçot dərəcəsinin azalması, dolların məzənnəsinin zəifləməsinin Azərbaycana təsiri iki yöndən qiymətləndirilməlidir. Birincisi, neftin bahalaşması fonunda ölkənin əldə etdiyi gəlirlər artır. İkincisi isə idxalı stimullaşdırmaqla inflyasiya təzyiqini artırır. Bu isə inflyasiyaya qarşı mübarizə aparan Mərkəzi Bankın əlavə alətlərdən istifadə etməsinə səbəb olar.
ABŞ-da uçot dərəcəsinin azaldılması inkişaf etməkdə olan ölkələrə investisiya axınını gücləndirərsə, Azərbaycan da bu dalğadan faydalana bilər – xüsusilə qeyri-neft sektoruna xarici sərmayə cəlbi artar.
Musavat.com