Bir neçə gündür Sabirabadda baş vermiş iyrənc hadisəyə cəmiyyət tərəfindən böyük qəzəb və nifrət dalğası müşahidə olunur. Hadisə təkcə Sabirabad rayonunu deyil, bütün ölkəni sarsıdıb.
64 yaşlı kişinin 4 yaşlı qız uşağına qarşı seksual xarakterli hərəkətlər etdiyi görüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu fakt yalnız bir cinayət hadisəsi kimi deyil, həm də cəmiyyətin mənəvi dəyərlərinə və uşaqların təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhlükə kimi qiymətləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülər valideynlər arasında böyük təşviş yaradıb. İnsanlar belə şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edir. Bəzi sosial media istifadəçiləri azyaşlılara qarşı bu cür əməllərə görə ömürlük həbs, kimyəvi kastrasiya və hətta ölüm hökmü kimi tədbirlərin tətbiqini müzakirəyə çıxarır.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində pedofillərə qarşı xüsusi cəza mexanizmləri mövcuddur. Bəs Azərbaycan qanunvericiliyində azyaşlılara qarşı seksual xarakterli hərəkətlərə görə hansı maddə ilə cəza nəzərdə tutulur? İctimaiyyətin sərt tələbləri fonunda belə halların qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi cəza tədbirləri nəzərdə tutulmasa da, seksual xarakterli hərəkətlərlə bağlı müəyyən müddətli azadlıqdan məhrumetmə cəzaları tətbiq olunur:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq və ya seksual xarakterli hərəkətlər etmək bir ildən üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmamış şəxslə törədildikdə, cəza 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmədir.
Məcəllənin 152.3-cü bəndinə əsasən, 14 yaşından 16 yaşa qədər, 12 yaşından 14 yaşa qədər, eləcə də 12 yaşdan kiçik şəxslərə qarşı seksual xarakterli hərəkətlər törədən şəxslər 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır”.