Qanunvericiliyə əsasən, dövlət orqanlarına və sosial fondlara bağışlanan əmlaklara görə vergi hesablanmır. Ancaq həmin əmlakların əldə edilməsi üçün xərclənən ƏDV məbləğlərinin əvəzləşdirilməsi aktual olaraq qalır. Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.
Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.
Sahibkarları düşündürən əsas məqamlardan biri də bu prosesi həyata keçirən zaman alınan əsas vəsaitlərə görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsi ilə bağlıdır. Bəs bu mümkündürmü?
Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, cari ildə alınan əsas vəsaitlər (daşınar və daşınmaz əmlaklar) dövlət qurumlarına və ictimai məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilsə də, onlara görə qarşı tərəfə ödənilən 18 faizlik ƏDV məbləği əvəzləşdirilə bilər.
Misal: Müəssisə 2025-ci ilin avqust ayında əsas məbləği 100.000 manat, ƏDV məbləği 18.000 manat olan nəqliyyat vasitəsini qanunvericiliyə müvafiq formada ödəniş edərək alıb. Həmin nəqliyyat vasitəsini cari ayda dövlət qurumuna əvəzsiz olaraq verib.
Avqust ayı üzrə ƏDV bəyannaməsi:
Əlavə 3-cü bölmə 2-ci hissə
ƏDV-yə cəlb edilməyən məbləğ = 100.000 manat (təqdim etmə və daxil olma xanası)
Əvəzləşdirilən məbləğ (318-ci xana) = 18.000 manat olacaq.