AZ

Cənubi Koreyanın keçmiş birinci xanımı korrupsiya ittihamları ilə dindirildi – üzr istədi

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,Kim dindirilmə zamanı jurnalistlərə açıqlamasında “üzr istəyirəm” deyib, lakin konkret ittihamlarla bağlı suallara cavab verməkdən imtina edib. Keçmiş prezident Yoon Suk Yeol və həyat yoldaşı Kim Keon Hee hazırda xüsusi prokurorlar tərəfindən müxtəlif korrupsiya qalmaqalları üzrə istintaq altındadır. Yoon impiçment elan olunduqdan sonra qısa müddət ərzində hərbi vəziyyət elan etdiyi üçün vəzifədən uzaqlaşdırılıb və hazırda qiyam ittihamı ilə mühakimə olunur. Onun bu hərəkətləri ölkədə siyasi böhran və altı aylıq hakimiyyət boşluğu ilə nəticələnib. Kim Keon Hee-yə qarşı irəli sürülən ittihamlar arasında səhm fırıldağı, rüşvətxorluq və nüfuz alveri kimi cinayətlər yer alır. İddialara görə, o, iş adamları, dini liderlər və siyasi fiqurlarla qanunsuz əlaqələr qurub, lüks hədiyyələr qəbul edib. Onlardan biri 2022-ci ildə NATO sammiti zamanı taxdığı, 43 min dollardan çox dəyəri olan Van Cleef kulonudur. Həmin kulonun prezident Yoonun maliyyə hesabatında qeyd edilmədiyi bildirilir. Digər ittihamlara əsasən, Kim dini qruplardan rüşvət kimi Chanel çantaları və almaz boyunbağılar da daxil olmaqla ümumilikdə 20 milyon von (təxminən 14 400 dollar) dəyərində hədiyyələr qəbul edib. Müstəntiqlər onunla əlaqəli bir neçə milyon dollar dəyərində sənət əsəri və on minlərlə dollar nağd vəsait də aşkar ediblər. Kim Keon Hee-nin vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edir və bəzi hədiyyələrlə bağlı yayılan məlumatların “əsassız fərziyyələr”ə əsaslandığını bildirirlər. Xatırladaq ki, Kim hələ Yoonun prezident seçilməsindən əvvəl akademik saxtakarlıq qalmaqalı ilə gündəmə gəlmiş və bu səbəbdən ictimaiyyət qarşısında üzr istəmişdi. Lakin sonrakı dövrlərdə davam edən qalmaqallar həm prezidentin imicinə, həm də onun mühafizəkar partiyasına ciddi siyasi zərbə vurdu.

Keçmiş prezident Yoon hazırda qiyam ittihamı üzrə ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər. O, istintaqla əməkdaşlıqdan imtina edir və ona qarşı aparılan təhqiqatları “siyasi cadugər ovu” adlandırır.

Seçilən
5
Ajans.az

1Mənbələr