
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində “Hizbullah”ın silahlı qanadının komandiri Qasem Qarab öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Məlumata görə, İsrail cümə axşamı Livanın şərqində Qarabın avtomobilinə PUA ilə hücum edib.
Portalın yazdığına görə, insident Britel-Baalbek avtomobil yolunda baş verib. PUA yer hədəfinə ən azı üç raket atıb.
Qarab “Hizbullah” təşkilatında “Vəhda-1900” diversiya bölməsinə rəhbərlik edib.
Digər tərəfdən, avqustun 4-də daha bir “Hizbullah” komandiri Əli Əbu Abbas Livanın cənubundakı Əl-Xiyam bölgəsində pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürülüb. Hücum nəticəsində raket və dron anbarı da vurulub və ən azı 3 nəfər yaralanıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü il noyabrın 27-də əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 4000-dən çox hücum həyata keçirib.