AZ

SÖZə azadlıq verilən gün

Senzurasız 27 il...

Müasir dünyada ölkələrin nüfuzunu, imicini müəyyənləşdirən ən mühüm kriteriyalardan biri demokratiyadır. Demokratiyanı isə söz azadlığı, fikir plüralizmi olmadan təsəvvür etmək belə mümkün deyil.  6 avqust Azərbaycanda əlamətdar tarixdir - sözə azadlıq verilən gündür. Prezident Heydər Əliyev 1998-ci ilin 6 avqust tarixində “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalayıb və bununla da milli mətbuatımızın tarixində keyfiyyətcə yeni bir dönəmin əsası qoyulub.

AXC-“Müsavat” iqtidarı dönəmində azad sözün buxovlanması

Dünya təcrübəsindən də bəlli olduğu kimi, hər hansı bir ölkədə söz azadlığı, fikir plüralizmi siyasi rejimlərin mahiyyəti, liderlərin xarakteri ilə sıx bağlı olan bir məsələdir. Qapalı, istibdada, repressiyalara əsaslanmaqla idarəçilk həyata keçirilən ölkələrdə azad mətbuatdan bəhs etmək əbəsdir. Bunu biz Azərbaycan təcrübəsində də görmüşük. Təəssüf ki, Azərbaycan xalqı onilliklər boyunca arzuladığı müstəqilliyin ilk illərində böyük xəyal qırıqlığı yaşadı. Belə ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmidə həyatın bütün sahələrində ciddi təbəddülatlarla üzləşmişdik. Hətta XX yüzillikdə əldə olunan müstəqilliyimizin yenidən tarixə qovuşması - itirilməsi tam real idi. İqtisadi tənəzzülün pik həddə çatdığı, torpaqlarımızın işğala məruz qaldığı bir dönəmdə ayrı-ayrı siyasi qruplar hakimiyyətə gəlmək uğrunda heç bir etika, siyasi mədəniyyət gözləmədən rəqabət aparırdılar. Belə bir şəraitdə 1992-ci ilin yazında AXC-“Müsavat” cütlüyü xalqı aldatmaqla, yalan vədlər verməklə, ən əsası isə qeyri-sivil yolla hakimiyyətə gəlməyə nail oldu.

AXC-“Müsavat” cütlüyü güclü xalq hərəkatı dalğasında önə çıxmışdı. Bu sırada yer alanlar özlərini cəmiyyətə demokratik qüvvələr kimi təqdim etməklə müəyyən etimad limiti qazanmışdılar. Fəqət həmin qüvvələr hakimiyyətə gəldikdən sonra demokratik dəyərlərdən çox uzaq olduqlarını ortaya qoydular. Aydın şəkildə görünürdü ki, onlar özlərini demokrat libasına bürünmüş kimi göstərsələr də, əslində, düşüncə, dünyagörüşü etibarı ilə bütünlüklə keçmiş sovet ideologiyasının təsiri altında idilər. Heç bir idarəçilk təcrübəsi olmayan, hakimiyyətə korporativ maraqlarının təmin olunması naminə gələn bu adamlar düşünürdülər ki, iqtidar mənsubu hakimi-mütləqdir, onların sözünün qarşısında başqa söz demək, fərqli fikir bildirmək olmaz. Bu əqidə ilə də AXC-“Müsavat” iqtidarının təmsilçiləri milli mətbuata, jurnalistlərə total hücuma başladılar. Həmin dövr nazirlərindən birinin qəfildən studiyaya girməsi və efiri kobudcasına pozması hələ də kədərli ironiya ilə xatırlanır. Jurnalistlərin döyülməsi, təhqirlərə məruz qalmaları, şantaj edilmələri adi hala çevrilmişdi. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura isə yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması bu qüvvələrin siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdı. AXC-“Müsavat” iqtidarı dönəmində atılan bu kimi addımlar cox doğru olaraq milli mətbuatımızın ənənələrinə xəyanət kimi dəyərləndirlir.

Heydər Əliyevin əsasını qoyduğu söz azadlığının inkişaf tarixi

Milli mətbuat ənənələrimizə xəyanətə böyük siyasətçi Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlişi ilə son qoyuldu.  Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamışdı. Məhz Onun qayğısı sayəsində 1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər Əliyev həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Bəhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.

Heydər Əliyev mətbuat üzərində siyasi nəzarətin olmasının nə demək olduğunu hamıdan yaxşı bilirdi. Elə Onun Özü də AXC-“Müsavat” iqtidarı dönəmində mətbuat səhifələrində əsassız hücumlara məruz qalmışdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda  anarxiyanın qarşısı alındı, ölkə bütün sahələrdə inkişafa istiqamətləndi. Yeniliklər dalğası həmçinin milli mətbuatımızı əhatə etdi. Onun səyləri sayəsində mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, - deyə Əsas Qanunumuzda vurğulanıb. Heydər Əliyevin 1998-ci ilin 6 avqustunda imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım odu. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. Eyni zamanda, 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.

Bir sözlə, ölkəmizdə azad sözün inkişafı tarixi məhz 1998-ci ilin 6 avqustundan başlayır. Ümummilli liderimiz Heydər Əliyev yuxarıda bəhs edilən Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosesi asanlaşdırıldı. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Heydər Əliyevin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.

Dövlətin media siyasətində ardıcıllıq

Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda and içərkən söz vermişdi ki, Heydər Əliyevin siyasi kursunu davam etdirmək Onun üçün əsas vəzifə olacaq. Son 20 ildən artıq müddətdə bu vədə yüksək səviyyədə əməl edilməsi Azərbaycanı zirvələrə yüksəldib, ölkəmiz hər sahədə böyük uğurlar qazanıb, özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İlham

Əliyev, həmçinin media sahəsində Ulu Öndərimizin əsasını qoyduğu siyasəti uğurla davam etdirir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin aldığı qərarlar milli mətbuatımızın inkişafına həm hüquqi, həm də texniki və institusional baxımdan güclü şəkildə təkan verib. O cümlədən 2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin Sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görülüb. Həmin dövrdə dövlətimizin başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edilib. Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” Qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı. 2018-ci il 16 iyul tarixli Sərəncamla ölkədə nəşr olunan qəzetlərə dövlət tərəfindən böyük maliyyə dəstəyi göstərildi.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı milli mətbuatımızın yeni mərhələdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu Fərmanın imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan dövləti mediada keyfiyyət dəyişikliyinin baş verməsində çox maraqlıdır.

Sözügedən Fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradıldı. MEDİA yarandığı gündən media sahəsində çevik və səmərəli fəaliyyət göstərir.

Qabaqcıl dünya təcrübəsi və müasir çağırışlar nəzərə alınmaqla hazırlanan “Media haqqında” Qanun qəbul edilməsi ilə milli mətbuatımızın qarşısında yeni dövr açılıb. Qısa müddətdə Media Reyestrinin yaradılması da böyük uğurdur.

150 il inkişaf yolunda

İlk mətbuat qaranquşumuz olan “Əkinçi” qəzeti 1875-ci ilin iyulunda mürəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görüb. Çox doğru olaraq “Əkinçi”nin nəşrə başlaması həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı kimi dəyərləndirlir. Azərbaycan dilində bu nəşrin işıq üzü görməsi, sözün əsl mənasında, böyük bir hadisə idi. O dövrdə azərbaycanlılar digər xalqlarla müqayisədə təhsildə, maarifçilik ideyalarında geri qalırdılar. Bu da milli ruhlu təəssübkeş ziyalılarımızı ciddi narahat edirdi və onlar boşluğu doldurmaq üçün yollar axtarırdılar. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bütün maneələrə baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. Fəaliyyəti dayandırılan “Əkinçi”dən sonra isə “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər araya-ərsəyə gəldilər.

Bu gün Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Respublikamızda yüksək peşəkarlıqla fəaliyyət göstərən media subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Həmçinin onlayn media platformaları inkişaf etməkdədir. Əlamətdar haldır ki, milli mətbuatımız çağırışlara həmişə yüksək səviyyədə - peşəkarlıqla və operativliklə  cavab verir.  Vətən müharibəsi günləri mətbuatımız üçün də bir sınaq dövrü oldu. Bir çox jurnalistlər həmin günlərdə qələmi süngü ilə əvəzlədilər. Arxa cəbhədə fəaliyyət göstərən jurnalistlər isə yüksək həmrəylik və vətənpərvərlik nümunəsi ortaya qoydular.

Azərbaycanın çoxsaylı jurnalistlər ordusu iyulun 22-də özlərinin peşə bayramlarını - milli mətbuatımızın yaranmasının 150 illik yubleyini yüksək səviyyədə qeyd etdilər. Yubileyi şərəfləndirən həm də o oldu ki, mətbuata hərtərəfli qayğısına görə “Jurnalistlərin dostu” seçilmiş Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixində imzaladığı Sərəncamla bir sıra qələm sahibləri yüksək təltiflərə və fəxri adlara layiq görüldülər.

Mübariz ABDULLAYEV

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr