AZ

ABŞ-ın Kaliforniya ştatında yanğınlar nəzarətdən çıxır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Kaliforniya ştatında genişlənən meşə yanğınları 330 kvadrat kilometrdən çox ərazini əhatə edib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Santa Barbara və San Luis Obispo bölgələrində avqustun 1-də başlayan meşə yanğınları sürətlə yayılaraq 330 kvadrat kilometrdən artıq sahəni yandırıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, “Gifford” adlanan yanğının cəmi 9 faizi nəzarət altına alınıb. NBC News-un məlumatına əsasən, ən azı dörd ayrı yanğının birləşməsi nəticəsində yaranan alovlarla mübarizəyə 1900-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisə zamanı 3 nəfərin xəsarət aldığı, 870-dən çox binanın yanğın təhlükəsi ilə üzləşdiyi bildirilib. Səlahiyyətlilər yanğının səbəbinin araşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Kaliforniya yay mövsümündə tez-tez genişmiqyaslı meşə yanğınları ilə üzləşir, bu da həm infrastruktur, həm də ətraf mühit üçün ciddi risk yaradır.

Seçilən
62
turkic.world

1Mənbələr