Bakı, 6 avqust, AZƏRTAC
İspaniya ABŞ-ın aerokosmik nəhəngi “Lockheed Martin” tərəfindən istehsal olunan F-35 qırıcı təyyarələrini almaq planını rəfə qaldırıb. AZƏRTAC xəbər verir ki, bu barədə “El Pais” qəzeti anonim hökumət mənbələrinə istinadla yazıb.
“El Pais” nəşrinin xəbərində bildirilib ki, hökumət 2023-cü il büdcəsində yeni döyüş təyyarələri almaq üçün 6,25 milyard avro (7,24 milyard dollar) vəsait ayırıb. Bununla belə, İspaniyanın bu il Avropada müdafiə üçün əlavə 10,5 milyard avronun böyük hissəsini xərcləmək planı ABŞ istehsalı olan qırıcı təyyarələrin alınmasını qeyri-mümkün edib.
İspaniyanın sosialist Baş naziri Pedro Sançes bu ilin əvvəlində NATO-nun hazırkı ümumi daxili məhsulun iki faizinə çatmaq üçün müdafiə xərclərini artırmaq planlarını açıqlayıb və daha sonra iyun ayında keçirilən sammit zamanı xərcləri beş faizə qaldırmaqdan imtina edib. Onun bu mövqeyi ABŞ Prezidenti tərəfindən sərt tənqid edilib və Donald Tramp Baş naziri ispan mallarına əlavə rüsumlar tətbiq etməklə hədələyib.
İspaniya Müdafiə Nazirliyinin və “Lockheed Martin” şirkətinin sözçüləri Madridin bu qərarını şərh etməyib.