AZ

Azərbaycanda aqrar sığorta ödənişləri 4,4 milyon manatı ötüb

2025-ci ilin yanvar-iyununda Azərbaycanda təsərrüfatlara dəymiş zərərlə bağlı 4 milyon 435 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb. 

Ümumi zərərin 4 milyon 245 min manatı əkin sahələri, 190 min manatı isə heyvandarlıq üzrə ödənilib. Zərər ödənişlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55% artıb.

Hesabat dövründə 13,1 milyon manat sığorta haqqı toplanılıb ki, bu da ötən illə müqayisədə 18% çoxdur. Bitkiçilik üzrə sığorta haqları 13%, heyvandarlıq üzrə isə 65% artıb.

İlin ilk yarısında 342,6 min hektar əkin sahəsi sığortalanıb və bu sahələr üzrə 497 milyon manatlıq sığorta təminatı verilib. Bu dövrdə ilk dəfə çiyələk sahələrinin də sığortası həyata keçirilib.

Eyni zamanda 3 231 baş heyvan sığortalanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84% çoxdur. Heyvandarlıq üzrə toplanan sığorta haqları 1,64 milyon manat, təminat məbləği isə 19,7 milyon manat olub.

Əkin sahələrinə ən çox zərər vuran hadisələr arasında dolu (65%), fırtına (17%), sel-subasma (15%) və leysan (2%) qeyd olunub.

Ən çox sığorta ödənişi edilən bitkilər taxıl, qarğıdalı və pambıqdan sonra günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Ən çox zərər ödənişi Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki rayonlarında həyata keçirilib.

Gülnar 

Seçilən
22
13
anews.az

10Mənbələr