"Real" klubu La Liqanın birinci turunda "Osasuna" ilə keçirəcəyi oyunun (19 avqust) tarixinin dəyişdirilməsi ilə bağlı təkrar müraciətinə də mənfi cavab alıb.
Publika.az xəbər verir ki, "kral klubu" qarşıdakı mövsümə klublararası dünya çempionatında iştirak səbəbilə cəmi 15 günlük hazırlıqla gələcəyi üçün ilk tur oyununu təxirə salmaq istəyir. İspaniya Futbol Federasiyasının (RFEF) Apellyasiya Komitəsi bu tələbi israrla rədd edir. Qərarın əsas səbəbi kimi futbolçular üçün müəyyən olunmuş fiziki hazırlıq müddətini tənzimləyən hər hansı normativ sənədin mövcud olmaması göstərilib.
Komitə əlavə edib ki, yalnız fövqəladə hallar zamanı oyun təxirə salına bilər. "Real"ın klublararası dünya çempionatında iştirakı və heyətin tam formalaşmaması isə bu kateqoriyaya aid edilmir.
Qeyd edək ki, "Real" - "Osasuna" qarşılaşmasının avqustun 19-da keçirilməsi planlaşdırılır. Qonaqlar görüşün təxirə salınmasına etiraz etmirlər.