Avqustun 6-da ABŞ-ın Xirosimaya atom bombası atmasının 80-ci ildönümündə Yaponiya nüvə silahı olmayan dünya çağırışlarını təkrarlayıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Şigeru İşiba ölkəsinin qlobal nüvə tərk-silahı prosesinə sadiqliyini bir daha təsdiqləyib və onun ölkəsinin müharibə zamanı atom bombalarından əziyyət çəkən yeganə ölkə olduğunu bildirib.
Baş nazir Xirosima şəhərindəki Sülh Xatirə Parkında keçirilən mərasimdəki çıxışında deyib: “Mən Xirosima Sülh Memorial Muzeyini ziyarət edərkən bir daha əmin oldum ki, bu dözülməz sınaqların və xatirələrin sönməsinə yol verilməməli və gələcək nəsillərə ötürülməlidir. Xirosimaya atom bombası atılması və bu şəhərin bir anda külə dönmüş çölə çevrilməsindən səksən il keçir və mən həyatını itirənlərin ruhu qarşısında ehtiramla baş əyirəm”.
Mərasim yerli vaxtla səhər saat 8:15-də - ABŞ-ın 1945-ci il avqustun 6-da Xirosimaya bomba atdığı an başlayıb. Partlayış şəhəri yerlə-yeksan edib və həmin ilin sonuna qədər təxminən 140 min insan ölüb. Sonrakı onilliklərdə daha minlərlə insan radiasiya ilə bağlı xəstəliklərdən əziyyət çəkib. Sülh Xatirə Parkında keçirilən mərasimdə 55 minə yaxın yaponiyalı iştirak edib.
Xirosima meri Matsui Kazumi qurbanların yenilənmiş siyahısını parkın kenotafına yerləşdirib. Hazırda burada 349 246 nəfərin adı var.
Kazumi qlobal liderləri Xirosimaya səfər etməyə və nüvə silahlarının yaratdığı dağıntıların şahidi olmağa çağırıb. O, dialoq və etimada əsaslanan yeni beynəlxalq təhlükəsizlik çərçivəsinin yaradılmasının zəruriliyini vurğulayıb.