Yeni mövsümə on gün vaxt qaldığı ərəfədə "Kəpəz"də vəziyyət ürəkaçan deyil. Ən nikbin gəncəli azarkeşin belə növbəti mövsüm üçün aşkar autsayder gözü ilə baxdığı və elitadan düşəcəyi yönündə əndişəsi əbəs deyil. "Unibank"ın sponsorluğa cəlb olunması isə nəinki ürəklərə su səpir, əksinə, daha da qorxudur. Çünki bir vaxtlar Premyer Liqanın sponsoru olmuş bankın təlatüm yaşayan klubla əməkdaşlığa razılıq verməsi, reputasiyasını riskə atması müəmmalıdır. Elə o "sual"ın izinə düşüb maraqlı bilgilər öyrəndik.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Unibank"ı "Kəpəz"lə əməkdaşlığa klubun İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə şəxsi əlaqələri sayəsində cəlb edib.
Klub funksionerinin bankın rəhbər şəxsi ilə dost olduğu bildirilir. Bu əlaqə "işbirliyi"nə yol açıb. Odur ki, "Unibank"ın klub üçün kisənin ağzını açacağını düşünənlər yanılır. Məsələ belədir: "Kəpəz" bütün maliyyə əməliyyatlarını (maaş ödəmələri, köçürmələr, AFFA-nın vasitəsilə dövlətin ayırdığı dotasiya qəbulu və sair) "Unibank"a həvalə edib. Baxmayaraq ki, klubun əməkdaşları indiyə qədər maaşları Azərbaycan Beynəlxalq Bankının "Tamkart"ı vasitəsilə alıb. Təbii ki, bir klubun illik bank əməliyyatı kifayət qədər məbləğ edir ki, "Unibank" o pulun dövriyəsindən xeyli faiz götürəcək. Məhz həmin faizin bir qisminin kluba yardım kimi təqdim olunacağı gözlənilir. Başqa sözlə, sponsor kimi təqdim olunan bank öz vəsaitini deyil, klubun büdcəsindəki pullarının dövriyyəsindən əldə etdiyi faizi "Kəpəz"ə ayıracaq.
Məsələyə aydınlıq gətirmək üçün "Kəpəz"ə sorğu ünvanladıq: "Unibank"la "Kəpəz" arasında sponsorluq müqaviləsinin şərtləri necədir? Bankın klubun bank əməliyyatlarından əldə edəcəyi faizi sizə ayıracağı ilə bağlı iddia doğrudurmu? Sponsor kluba illik nə qədər vəsait ayırmağı vəd verib?
Qərb təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məsələyə belə münasibət bildirdi: "Kəpəz"lə "Unibank" arasında müqavilə imzalanıb və klub tərəfindən konfidensiallıq qorunur. Ayrılan məbləğ, müqavilədəki şərtlər biz tərəfdən açıqlanmır. Siz bunu "Unibank"dan soruşa bilərsiniz ki, kluba nə qədər və hansı şərtlər daxilində vəsait ödəyirsiz? Onlar bunu açıqlayacaqsa, bizim üçün problem yoxdur".
Göründüyü kimi, klub konfidensiallığı bəhanə edib birbaşa cavabdan yayınır. Halbuki ən azından "faiz" iddiasını təkzib etmək, klubu təmizə çıxarmağa cəhd göstərmək olardı. Görünür, "tüstü"nün səmtini düzgün müəyyənləşdirmişik.
Maliyyə işindən az-çox məlumatlı olan hər kəs bilir ki, banklar hər keçən gün dövr etdirdiyi pullardan kifayət qədər faiz əldə edir. Odur ki, sabah "Kəpəz"də maaşlar yubanır" xəbərini eşitsəniz, təəccüblənməyin.
Sonda onu da əlavə edək ki, klubun İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə həm də “AqroSport”un direktorudur. O “AqroSport”un ki, hələ illər əvvəl AFFA-nın sabiq baş katibi Elxan Məmmədov onu Azərbaycan futboluna gətirib. Şirkət Məmmədovun stadionların təbii və süni ot örtüklərinin yenilənməsi manapoliyasının sifarişlərini icra edib. Başqa sözlə, ölkə futbolu, xüsusilə də Gəncə kimi böyük şəhərin klubu hazırda FİFA-da oturan şəxsin girovluğundadır.
Əli Sahib