AZ

Parisdə naməlum əsgərin məzarı üzərindəki məşəldə siqaret yandıran şəxs saxlanılıb

Paris, 6 avqust, AZƏRTAC

Parisdə Zəfər Tağı altında yerləşən naməlum əsgərin məzarı üzərindəki əbədi məşəldə siqaret yandıran şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Fransa ictimaiyyətində güclü etirazlara səbəb olub. Daxili İşlər Nazirliyi həmin şəxsin saxlanıldığını və törətdiyi əməli etiraf etdiyini bildirib.

Bu hərəkətin Fransa uğrunda həlak olmuş insanların xatirəsinə hörmətsizlik olduğu qeyd edilib. Saxlanılan şəxsə qarşı məzarın və ya xatirə abidəsinin təhqiri maddəsi üzrə hüquqi tədbirlər görüləcək və o, məhkəməyə çıxarılacaq.

Hadisənin kim tərəfindən və hansı şəraitdə lentə alındığı hələ məlum deyil, lakin video X-də (keçmiş Twitter) geniş yayılıb.

Hadisəyə reaksiya verən Yaddaş və Müharibə Veteranları üzrə dövlət katibi Patrisia Miralles bu davranışı qəbuledilməz adlandırıb və prokurorluğa müraciət etdiyini açıqlayıb. “Bu ölülərimizə, tariximizə və millətimizə qarşı bir təhqirdir. Bu alov siqaret yandırmaq üçün deyil. O, milyonlarla əsgərimizin fədakarlığının keşiyini çəkir”, - deyə P. Miralles əlavə edib.

Seçilən
24
1
azertag.az

2Mənbələr