Antarktika bazasından üç nəfər riskli qış əməliyyatı ilə təxliyə edildi
Ajans.az xəbər verir ki,onlardan biri təcili tibbi yardıma ehtiyacı olan şəxs olub, digər iki nəfər isə tibbi müşayiət üçün evakuasiya edilib. Təxliyə əməliyyatı çərşənbə axşamı həyata keçirilib və RNZAF-ə məxsus təyyarə çərşənbə günü səhər saatlarında Yeni Zelandiyanın Kraystçörç şəhərinə enib. Evakuasiya olunan şəxslərin vəziyyəti, tibbi diaqnozları və milliyyətləri ilə bağlı əlavə məlumat verilməyib. Yeni Zelandiya Hərbi Hava Komandiri Endi Skott əməliyyatın yüksək risk daşıdığını vurğulayaraq bildirib ki, Antarktikada, xüsusilə də qış aylarında, buzla örtülmüş uçuş-enmə zolaqlarına enmək və sərt hava şəraitində uçuş həyata keçirmək son dərəcə çətin və təhlükəlidir. “İlin bu vaxtı ekstremal hava şəraiti çox dəyişkən olur və dəqiq proqnoz vermək çətindir. Qaranlıq şəraitdə gecə görmə eynəkləri ilə uçuş isə mühitin çətinliyini daha da artırır,” – deyə Skott qeyd edib. Təxliyə olunan şəxslər 20 saatlıq çətin uçuşla aparılıb. Qeyd edək ki, əməliyyat zamanı McMurdo stansiyasında temperatur -24°C-yə qədər enmişdi və tam qaranlıq şərait hökm sürürdü. ABŞ-ın Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Melissa Sweeney əməliyyatın “qüsursuz şəkildə” həyata keçirildiyini bildirib və Yeni Zelandiyaya bu dəstəyə görə təşəkkürünü ifadə edib.