AZ

Hər bir peyvənd uşaqlara vaxtında vurulmalıdır - Pediatr

Peyvəndləmə uşaqları bir çox yoluxucu və ağır xəstəliklərdən qorumağın ən təsirli yollarından biridir. Bu gün dünya üzrə aparılan uşaq sağlamlığı siyasətlərinin əsas istiqamətlərindən biri məhz peyvəndləmə proqramlarının genişləndirilməsi və düzgün həyata keçirilməsidir. 

Mövzu ilə bağlı Operativ Media-ya danışan pediatr Aytən İsmayılzadə bildirib ki, peyvəndləmə uşaq ölümlərinin qarşısını almaq üçün çox vacibdir:

"Peyvəndlənmə vacibdir. Çünki peyvəndlərin qoruduğu bəzi xəstəliklərə qarşı effektiv müalicə üsulu yoxdur. Uşaq ölümlərinin qarşısını almaq üçün peyvəndləmə geniş şəkildə tətbiq olunur.

Peyvəndlər uşaqları 11 infeksion xəstəlikdən qoruyur. Onlar müəyyən olunmuş vaxtda vurulmalıdır ki, yan təsirlərin riski minimuma ensin. Uşaqlar böyüdükcə, xüsusilə 1 yaşına yaxın dövrdə kəskin respirator virus infeksiyalarına yoluxurlar.

Virusların aktiv olduğu mövsümlərdə peyvəndi vaxtında almayan uşaqlara peyvənd vurulduqda, bəzən qızdırma və hərarət kimi yan təsirlər müşahidə oluna bilər. Bu zaman bəzi valideynlər bu əlamətləri peyvəndlə əlaqələndirirlər. Halbuki 2, 3 və 4-cü aylarda ardıcıl olaraq peyvənd olunan uşaqlarda əksər hallarda heç bir yan təsir qeydə alınmır.

Bəzi hallarda qızdırma, yüngül hərarət və peyvənd yerində ağrı ola bilər. Bunlar yerli və keçici reaksiyalardır, ciddi narahatlıq doğurmur və asanlıqla aradan qaldırıla bilər. Bu cür hallara görə uşaqları peyvənddən yayındırmaq düzgün deyil.

Valideynlərin peyvənddən çəkinməsi isə əsasən maarifləndirmənin zəifliyi və yayılan əsassız şayiələrdən qaynaqlanır".

Şəfa Hüseynli

Seçilən
36
operativmedia.az

1Mənbələr