Ankara, 6 avqust, AZƏRTAC
Türkiyədə inflyasiyanın səviyyəsi hökumətin iqtisadi proqramının məqsədlərinə uyğundur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.
Onun sözlərinə görə, dezinflyasiya prosesinin başlanması üçün bütün ilkin şərtlər formalaşıb.
M.Şimşek 2027-ci ilə qədər inflyasiyanın birrəqəmli səviyyəyə enəcəyini bildirərək deyib: “Cari ilin sonunda Türkiyədə qiymət artımının səviyyəsi 19-29 faiz daxilində olacaq və gələn il inflyasiyanın 20 faizdən aşağı olacağını proqnozlaşdırırıq”.
Maliyyə naziri əlavə edib ki, hökumət 2025-ci ildə Türkiyənin ÜDM artımını 4 faizdən bir qədər aşağı səviyyəyə çatdırmağı hədəfləyir.
M.Şimşek Türkiyənin inkişafına yönəlmiş iri layihələrin həyata keçirilməsinə diqqət çəkib və bildirib ki, bunun üçün xarici maliyyə resursları da cəlb olunub. “Yaxın üç il ərzində biz Türkiyə iqtisadiyyatına daha 40 milyard dollar xarici maliyyə cəlb etməyi planlaşdırırıq”, -deyə nazir qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara