AZ

İranda təşviş artdı: ən çox qorxduğu qüvvələr Zəngəzura girir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran ABŞ-ın Zəngəzur dəhlizi layihəsində iştirakından narahatdır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

Sitat: “Regionun bütün dövlətləri başa düşməlidirlər ki, üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə qarışmasına imkan verilməyəcək. Bu cür müdaxilə yalnız vəziyyəti çətinləşdirəcək və region dövlətlərinin maraqlarına xidmət etməyəcək”.

İran bu nəhəng prosesin qarşısını almaq gücünə malikdirmi, yoxsa bütün bunlar son çırpıntılardır?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, İranın Zəngəzur dəhlizi və ABŞ-ın bu prosesdə iştirakına qarşı yönəlmiş bəyanatları həm reallıqdan uzaq, həm də geosiyasi panika içərisində atılmış çarəsiz bir ritorika nümunəsidir:

“İsmail Bəqayinin “üçüncü tərəflər Cənubi Qafqaza qarışa bilməz” fikri ilk baxışdan prinsipial mövqe kimi görünə bilər. Lakin dərin təhlil göstərir ki, bu açıqlamalar İranın ikili standartlar, regional təsir itkisi və daxili legitimlik böhranı fonunda səsləndirdiyi son çırpıntılardır. Tehran Cənubi Qafqaz dövlətləri ilə qonşu olsa da, nə Azərbaycanın, nə də Ermənistanın daxili və xarici siyasətində birinci tərəf statusuna malik deyil. Əksinə, İran özü illərlə Ermənistanla sıx əməkdaşlıq quraraq Azərbaycanın ərazi bütövlüyünə qarşı dolayı şəkildə mövqe sərgiləyib. 30 illik işğal dövründə Tehran-İrəvan ticarət dövriyyəsinin artması, İran yük maşınlarının Laçın yolu ilə Qarabağa daxil olması və separatçılarla əlaqələri bunu açıq şəkildə sübut edir.

Bu səbəbdən İranın səsləndirdiyi ritorika özünü inkara bərabərdir. Əgər üçüncü tərəflərin müdaxiləsi yolverilməzdirsə, o zaman İranın özü də bu bölgədə proseslərə istiqamət vermək hüququndan məhrumdur. Digər tərəfdən, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan, Türkiyə, Rusiya və bütövlükdə Orta Asiya üçün mühüm geoiqtisadi layihədir. ABŞ-ın burada iştirak etməsi hərbi deyil, iqtisadi və logistik xarakter daşıyır. Vaşinqtonun bu layihədəki marağı onun beynəlxalq nəqliyyat zəncirlərinə daxil olmaq istəyi və enerji təhlükəsizliyi siyasəti ilə bağlıdır. İran isə bu reallığı bilərəkdən təhrif edir. Sanki ABŞ buraya hərbi baza yerləşdirmək istəyir”.

Həmçinin oxuyun:

Ermənistanla bağlı iddia İranı qorxuya saldı – Bakıdan Xameneinin müşavirini həyəcanlandıran PLAN

Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, hazırda Cənubi Qafqazda real hərbi mövcudluq yalnız Rusiyaya və İranın dəstəklədiyi qeyri-leqal qruplara aiddir:

“ABŞ-ın burada hərbi iştirakından danışmaq ən yaxşı halda spekulyasiya, ən pis halda isə dezinformasiyadır. İranın Zəngəzur dəhlizinə qarşı bu qədər aqressiv mövqe tutması əslində Azərbaycanın, Ermənistanın və ümumilikdə region ölkələrinin suveren qərarvermə hüququna qarşı çıxmaq deməkdir. Nəyə görə Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün Tehranın razılığını almalıdır? İranın bu yanaşması imperiyapərəst, hegemonik və orta əsr diplomatiyasının qalıqlarıdır. Qeyd olunan mövqe beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə ziddir”.

Millət vəkili əlavə edib ki, İranın öz daxilində dərin siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və beynəlxalq təcrid siyasəti fonunda regional mövqeləri də zəifləyib:

“Zəngəzur dəhlizi və Azərbaycanın yüksələn rolu bu zəifliyi daha da qabarıq şəkildə ortaya qoyur. İran ictimaiyyətinə “xarici düşmən” obrazı təqdim etməklə diqqəti ölkədaxili böhranlardan yayındırmağa çalışır. ABŞ-ın dəhlizdə iştirakı məsələsini şişirtmək, əslində daxili legitimlik böhranının geosiyasi manipulyasiya ilə kompensasiya cəhdidir. Geosiyasi reallıqlar göstərir ki, İranın Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq üçün nə hərbi, nə siyasi, nə də iqtisadi gücü kifayət edir. Layihənin arxasında Azərbaycan və Türkiyə də daxil olmaqla, qlobal təsir imkanlarına sahib olan güc mərkəzləri dayanır. Belə bir blokun qarşısında Tehran maksimum etiraz bəyanatları verə bilər, lakin real prosesləri dayandıra bilməz. Üstəlik, İranın Ermənistanla Zəngəzur üzərindən alternativ dəhliz yaratmaq planları da nəticəsizdir. Çünki Ermənistan özünün blokadadan çıxması üçün daha çox tərəfdaş axtarır və bu kontekstdə Qərblə əməkdaşlığa can atır. Yəni İran təkdir. Zəngəzur dəhlizi nə hərbi təhdiddir, nə də hegemon layihə. Bu dəhliz regional inteqrasiya, iqtisadi dirçəliş və beynəlxalq ticarətin inkişafı üçün zəruri bir yoldur. İran isə bu inkişafdan kənarda qalmaqdan qorxur. Tehran anlamalıdır ki, Cənubi Qafqaz dövlətləri müstəqildir və onların qərarlarına hörmət etmək, İranın özünün də gələcəkdə bu layihələrdən faydalanmasının yeganə yoludur. Əks təqdirdə, İranın mövqeyi təkcə aqressiv və heç bir nəticə verməyən, təcridedici və xroniki panika doğuran son çırpıntılar kimi tarixdə qalacaq”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr