AZ

Bu üsulla arıqlamaq təhlükəlidir -

Son günlər arıqlamaq məqsədilə sirkə turşusu qəbul edən şəxslərlə bağlı zəhərlənmə və ölüm halları ictimaiyyətdə ciddi narahatlıq doğurub. Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova Metbuat.az-a açıqlama verib. Onun sözlərinə görə, son zamanlar sağlamlıq sahəsində ixtisası olmayan şəxslərin internet üzərindən verdiyi məsləhətlər ciddi təhlükə mənbəyinə çevrilib. Xüsusilə "YouTube", "Instagram" və digər platformalarda özünü dietoloq kimi təqdim edən şəxslər tərəfindən yayılan sirkə, soda və digər qarışıqlarla arıqlama metodları orqanizmdə ağır pozuntulara səbəb ola bilər: "Bəzən bu “reseptlər” birbaşa olaraq mədə və bağırsaq sistemində ciddi fəsadlar - xora, qanaxma, hətta daxili orqan zədələnmələrinə yol aça bilir və insanlar bu cür hallarda həmin qarışıqların tərkibini və orqanizmdə nə kimi reaksiyalara səbəb ola biləcəyini düşünmürlər. Tərkibində sirkə olan qarışıqlar bəzi hallarda qida borusunun selikli qişasını yandırır. Xüsusilə həssas mədə-bağırsaq sisteminə malik şəxslərdə bu, ağır tibbi vəziyyətlərə səbəb ola bilər. Sağlam arıqlama prosesi yalnız fərdi yanaşma ilə, peşəkar həkim nəzarətində aparılmalıdır. İnsanın yaşı, çəkisi, hormonal durumu, keçirdiyi xəstəliklər, yaşadığı mühit və həyat tərzi nəzərə alınmadan pəhriz və ya arıqlama proqramı təyin etmək yolverilməzdir. Bu sahədə peşəkar olmayan şəxslərin məsuliyyətə cəlb olunmalıdır. Belə halların qarşısı yalnız dövlət səviyyəsində maarifləndirmə və nəzarət tədbirləri ilə alına bilər".Ləman Süleymanova vətəndaşlara çağırış edərək internetdə yayılan arıqladıcı reseptlərə, xüsusilə də mənşəyi və təsir mexanizmi bilinməyən qarışıqlara inanaraq sağlamlıqlarını təhlükə altına qoymamağı tövsiyə edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
14
1
metbuat.az

2Mənbələr