Yeni Klinika rəhbərliyi və tibbi heyəti Nizami Rayon İcra Hakimiyyəti eləcə də Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Nizami rayonu 1 saylı Uşaq Evinin sakinləri ilə görüş keçiriblər.
Görüşdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova həmçinin Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati işlər və məlumat şöbəsinin müdiri Yeganə Sultanova iştirak ediblər.
Sosial məsuliyyət və humanitar dəyərlərin təşviqi məqsədilə həyata keçirilən ziyarət çərçivəsində uşaqlarla səmimi görüşlər keçirilib, onlara müxtəlif hədiyyələr təqdim olunub, mənəvi dəstək göstərilib.
Ziyarət çərçivəsində iştirakçılar uşaq evində yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Yeni Klinikanın direktoru Barat Yusubov tədbirdə çıxış edərək qeyd edib ki, bu kimi təşəbbüslər cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlara dəstək olmaqla yanaşı, həm də insanlıq, mərhəmət və sosial həmrəylik kimi dəyərlərin cəmiyyətimizdə möhkəmləndirilməsinə xidmət edir:
“Uşaqlar bizim gələcəyimizdir. Onlara sevgi, qayğı və diqqət göstərmək hər birimizin mənəvi borcudur. Bu cür ziyarətlər təkcə birgə vaxt keçirmək deyil, həm də onların həyatına müsbət təsir göstərmək, gələcəyə inam aşılayan addımlardır,” – deyə direktor bildirib.
Görüş zamanı Könül Həsənova, Yeganə Sultanova eləcə də Nizami rayonu 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova ölkəmizdə uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan balacalara göstərilən dövlət qayğısından danışıblar.
Sonda Yeni Klinika rəhbərliyi bu cür sosial-humanitar layihələrin gələcəkdə də ardıcıl şəkildə həyata keçirilməsinə və bu istiqamətdə fəal iştirakın davam etdirilməsinə önəm verdiyini vurğulayıb.







