AZ

Politoloq: Bu müharibədə nə Ukrayna, nə də Rusiya tam məğlub olacaq...

Trampın nüvə başlığı daşıyan sualtı qayıqların hərəkətə gətirilməsi iki ölkə arasında gərginliyi artırıb...

Azər Qasımov: “Nüvə silahından hədələyici xarakterli ritorika belə təhlükəlidir. Bu, nüvə silahının mahiyyətini adiləşdirmək deməkdir ki, günün birində bu silahdan istifadə də adiləşə bilər”.

“Bəllidir ki, Tramp bu sualtı qayıqlardan Rusiyaya nüvə raketi atmayacaq. Göründüyü kimi də Tramp Uitkoffu yenidən Moskvaya göndərib”.

Bu sözləri politoloq Azər Qasımov Trampın nüvə başlığı daşıyan sualtı qayıqların hərəkətə gətirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Trampın Rusiya ilə bağlı sərt çıxışı və nüvə başlığı daşıyan sualtı qayıqların hərəkətə gətirilməsi iki ölkə arasında gərginliyi artırıb. Bu gün isə Uitkoff Putinlə görüşmək üçün Moskvaya gəlib.

Danışıqlar uğursuz olarsa və müharibə davam edərsə, Rusiyanın Ukraynada qalib gələ bilməsinə ehtimal vermək olar? Ya da, maksimalist Putin Ukraynadan sıxışdırılıb çıxarılarsa, yeni dünyada yeri necə görünür?

Rusiya-ABŞ münasibətlərin indiki vəziyyətini Poliqon-nun əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “ABŞ Ukraynaya yardımları artıra və Rusiyaya yeni sanksiyalar da tətbiq edə bilər. Amma bu Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri geri alacağı anlamına gəlmir”.

Rusiyanın bu kimi qayıqlarının ABŞ-dan çox olduğunun bəlli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, burda məsələ ancaq vəziyyətin ciddiliyini bir-birinə anlatmaqdan və danışıq masasına oturmaqdan söhbət gedir:

“Nüvə silahından hədələyici xarakterli ritorika belə təhlükəlidir. Bu, nüvə silahının mahiyyətini adiləşdirmək deməkdir ki, günün birində bu silahdan istifadə də adiləşə bilər. Medvedyevin söylədikləri və Trampın addımları bütün dünya üçün təhlükə yaradır, xüsusən də, Trampın iki nüvədaşıyan sualtı qayığı Rusiya sərhəddində yaxın ərazilərə göndərməsini bəyan etməsi nüvə müharibəsi təhlükəsini artırır.

Əslində, bütün bu ritorikaların ciddilik əsası yoxdur. Nüvə silahı daşıyan iki sualtı qayığı harasa göndərməklə real hədə arasında fərq çoxdur. Rusiyanın bu kimi qayıqlarının ABŞ-dən çox olduğu də bəllidir. Burda ancaq vəziyyətin ciddiliyini bir-birinə anlatmaqdan və danışıq masasına oturmaqdan söhbət gedir.

Bəllidir ki, Tramp bu qayıqlardan Rusiyaya nüvə raketi atmayacaq. Göründüyü kimi də Tramp Uitkofu yenidən Moskvaya göndərib. Hətta buna kimi bir neçə gizli danışıqların da olduğu bəlli olur. Danışıqların uğursuz və nəticəsiz olacağı əvvəlcədən bəllidir. ABŞ Ukraynaya yardımları artıra və Rusiyaya yeni sanksiyalar da tətbiq edə bilər. Amma bu Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri geri alacağı anlamına gəlmir. Çünki bunun üçün insan resursları və hərbi potensialı zəifdir.

Azər Qasımov: “Rusiya ərazisinin böyüklüyü özü bir silahdır”.

Putinin neoimperialist iddiaları zəif də olsa, hərbi gücə arxalanır və buna hesablanıb. Putin ordusunun gücü mifik şəkildə şişirdilmiş formasından artıq real görüntüsünü çoxdan alıb. İndi cəbhədə iki döyüş təcrübəsinə malik ordu döyüşür və bu müharibənin taleyi resurslarla bə geosiyasi vəziyyətlə həll olacaq. Mən bu müharibədə nə Ukraynanın, nə də Rusiyanın tam məğlub olacağına inanmıram.

Əgər nəzəri olaraq hesab etsək ki, Ukrayna Rusiyanı öz ərazilərindən çıxara bildi, bu, heç bir reallığı dəyişməyəcək. Nə Putin bunu məğlubiyyət kimi öz ölkəsinə bildirəcək, nə də rus xalqı bu məğlubiyyətin əvəzini Putin və komandasından soruşacaq. Rusiya zəif düşəcək. Amma bu, onlar üçün gələcəkdə eyni addımı atmaq üçün bir stimul olacaq. Kurskun Ukrayna ordusu tərəfindən işğal olunmasında bunun şahidi olduq.

Hesab edirəm ki, Rusiyanı ancaq daxildən dağıtmaq olar. Bunun üçün güclü maliyyə çatışmazlığı lazımdır. Sovet İttifaqının parçalanmasında olduğu kimi bu belə olmalıdır. Hərbi yolla Rusiyanı məğlub etmək mümkün deyil. Rusiya ərazisinin böyüklüyü özü bir silahdır”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr