AZ

Qərb səbrini İTİRİR: Rusiyanı diz çökdürəcək PLAN MASADADIR

“Rusiyanın müharibəyə nə qədər davam gətirə biləcəyi sualına tam dəqiqliklə cavab vermək çətindir. Çünki Rusiya iqtisadiyyatı müasir inkişaf qanunauyğunluqlarına deyil, daha çox paralel istiqamətlərə yönəlmiş bir modelə əsaslanır. Daxili resurslar sayəsində Rusiya müəyyən müddətə qədər müharibəni davam etdirmək gücündə görünür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Moskva müxtəlif iqtisadi və siyasi manipulyasiyalarla bu məhdudiyyətlərdən yayınmağın yollarını tapmağa çalışır:

“Qərbdə də etiraf olunur ki, Rusiya bu istiqamətdə müəyyən bacarıq nümayiş etdirərək sanksiyalardan yayınmağın müxtəlif üsullarını sınayır və tətbiq edir.

Hazırda əsas müzakirə mövzusu, Rusiyaya iqtisadi-ticari dəstək verən və sanksiyalardan yayınmaq üçün vasitə rolunu oynayan ölkələrin hədəfə alınmasıdır. Belə ölkələrə qarşı əlavə təzyiqlərin göstərilməsi gündəmdədir. Bununla yanaşı, bəzi göstəricilər Rusiya iqtisadiyyatının çökməyə doğru getdiyini də nümayiş etdirir”.

“Qərbdə aparılan bəzi hesablamalara görə, Rusiya maksimum bir il müddətində müharibəyə davam gətirmək imkanına malikdir. Bununla belə, diqqət çəkən məqamlardan biri də odur ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyaya qarşı daha dağıdıcı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib. Bu dəfəki sanksiyaların yalnız Rusiya deyil, eyni zamanda onunla iqtisadi-ticari əlaqələri olan digər dövlətləri də əhatə edəcəyi ehtimal olunur. Belə bir vəziyyət Rusiya üçün dünya iqtisadiyyatından daha da təcrid olunmaq təhlükəsini yaradır”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ağ Ev nümayəndələrinin açıqlamalarına əsasən, elə sanksiyalar tətbiq ediləcək ki, Rusiya həm müttəfiqlərini itirəcək, həm də Ukrayna müharibəsinin maliyyə yükünü daşımaq imkanından məhrum olacaq: “Görünən odur ki, siyasi danışıqlar artıq nəticə vermədiyi üçün Qərb Rusiya ilə bağlı həm hərbi, həm də iqtisadi baxımdan daha sərt və radikal addımlar atmağa hazırlaşır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr