Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 6 avqust, AZƏRTAC
Hindistanın şimalında daşqınlar nəticəsində 100-ə yaxın insan itkin düşüb. Ştatlardan birində sel kəndi yerlə-yeksan edib, insan tələfatı qeydə alınıb. Uttarxand ştatında bir neçə gün yağan yağışlar Xirqanqa çayı sahillərini suyun altında qoyub, yamacdan aşağı sellər süzülüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 100-ə yaxın insan itkin düşüb. Bildirilir ki, təcili yardım xidmətlərinin səmərəli işi daha çox insan tələfatının qarsısın alıb.
"Hazırda Dharali kəndindən 70 nəfər təxliyə edilib, qalanlarının fəlakət zonasından çıxarılması üzrə tədbirlər görülür. İnsanlar təhlükəsiz sığınacaqlara daşınır. Hərbçilər, Hind-Tibet sərhəd polisi və dövlətin təbii fəlakətlərə cavabdehlik qüvvələri hadisə yerində işləyir””, -deyə Uttarxand əyalətinin rəhbəri Puşkar Sinq Dhami bildirib.
Təbii fəlakət zonasında 11 hərbçi itkin düşüb, xilasedicilər hələ də onları sağ tapmağa ümid edirlər. Amma bu, asan deyil - zərər çəkmiş ərazilərdə rabitə yoxdur, yollar zədələnib və suyun altında qalıb, evlər dağılıb. Selin gətirdiyi tonlarla palçıq və daş hər yerdə maneələr yaradır. Təxliyə edilənlərə və zərər çəkmiş yerli sakinlərə lazımi köməklik göstərilir, ərzaq məhsulları çatdırılır. Bu arada, ölkənin şimalındakı digər yaşayış məntəqələrinin də küçələrini su basıb. İnsanlar evlərinə üzərək qayıdırlar.
Yerli sakin bildirib: “Hər yer bataqlığa çevrilib, qadınlar yemək bişirə bilmir, uşaqlar isə məktəbə getmir. İşə getmək də mümkün deyil. Dükanı olanlar da iş yerinə daxil ola bilmirlər. Onlar ancaq evdə, damda, terraslarda oturub suyun çəkilməsini gözləyirlər”.
Hazırda Hindistanın şimalında yağışlar davam edir, çaylarda suyun səviyyəsi getdikcə yüksəlir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.