28 il əvvəl itkin düşən şəxsin cəsədi tapılıb
Ajans.az xəbər verir ki,yerli bir çoban buzlaq yaxınlığında paltarı və bədəni tam qorunmuş insan cəsədi ilə qarşılaşıb. Cəsədin yanında tapılan şəxsiyyət vəsiqəsinə əsasən, onun 1997-ci ilin iyununda qar fırtınası zamanı buzlaq çatına düşərək itkin düşən Naseeruddin adlı şəxsə məxsus olduğu müəyyən edilib. Polisin verdiyi məlumata görə, Naseeruddin həmin gün qardaşı Kathiruddin ilə birlikdə at belində səfərdə olub. Ailə münaqişəsi səbəbindən evlərini tərk edən qardaşlardan yalnız biri geri qayıda bilib. Kathiruddin bildirib ki, qardaşı mağaraya girdikdən sonra bir daha geri dönməyib. Axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb. Çoban Ömər Xan BBC Urdu-ya açıqlamasında deyib: “Gördüklərim inanılmaz idi. Cəsəd tam bütöv idi, paltarı belə cırılmamışdı”. Polis cəsədin şəxsiyyətini təsdiqlədikdən sonra yerli sakinlər əlavə məlumatlar təqdim etməyə başlayıblar. Məlum olub ki, Naseeruddinin bir həyat yoldaşı və iki övladı olub. Mütəxəssislər hesab edirlər ki, bu hadisə qlobal iqlim dəyişikliyinin buzlaqların ərimə sürətinə necə təsir etdiyini bir daha göstərir. Son illərdə bölgədə qar yağıntılarının azalması, buzlaqları birbaşa günəş işığına məruz qoyub və onların daha tez əriməsinə səbəb olub. İslamabaddakı Comsats Universitetinin Ətraf Mühit Departamentinin rəhbəri professor Məhəmməd Bilalın sözlərinə görə, insan bədəni buzlağa düşdükdə dərhal donur, bu da parçalanmanın qarşısını alır. Daha sonra, buzlaqların daxilindəki oksigen və nəmlik çatışmazlığı nəticəsində bədən mumiyalaşır.