Əksər hallarda boşanma sonrası aliment öhdəliyinin kişilərin üzərinə düşdüyü düşünülür. Halbuki qanunvericiliyə əsasən, qadınlar da müəyyən hallarda aliment ödəməyə borclu ola bilərlər. Vəkil Tağı Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qadınlarla kişilərin hüquqları bərabər olduğuna görə aliment ödəmə öhdəliyi hər iki tərəfə aiddir. O qeyd edib ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə görə, bir uşaq üçün aliment əmək haqqının dörddə biri, iki uşaq üçün üçdə biri, üç və daha artıq uşaq üçün isə yarısı miqdarında tutulur: “Üç və daha artıq uşaq olduqda aliment əmək haqqının və digər gəlirlərin yarısı həcmində hesablanaraq qarşı tərəfə ödənilməlidir. Əgər bu məbləğ uşağın təminatına yetərli deyilsə və aliment ödəyənin gəliri azdırsa, o zaman Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, aliment sabit pul məbləğində müəyyən edilir. Bu halda məhkəmə uşaq üçün minimum sosial təminat səviyyəsini – məsələn, hazırda 246 manatı əsas götürə bilər”. Vəkilin sözlərinə görə, məhkəmə təcrübəsində bəzi istisna hallarla qarşılaşmaq mümkündür: “Elə hallar olur ki, hakim qadın olmasını nəzərə alaraq alimentin miqdarını kişilərlə müqayisədə 10-20 faiz daha az təyin edir. Amma ümumi qayda olaraq, hüquqlar bərabər olduğuna görə aliment öhdəliyi də eyni şəkildə icra olunur”.Sevinc İbrahimzadə / Metbuat.az