"Enerji bazarı, sanksiyalar və "hava atəşkəsi" manevri..."
ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi sərt ultimatumun bitmə tarixi yaxınlaşdıqca, tərəflər arasında siyasi və iqtisadi təzyiqlər artmaqda davam edir.
Moderator.az xəbər verir ki, bu barədə "financial.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, əgər Moskva avqustun 8-dək Ukraynada atəşkəsə razılaşmasa, Vaşinqton Rusiya iqtisadiyyatını hədəfə alan yeni sanksiyalar tətbiq edəcək. Bu, həm Rusiya, həm də onun enerji müttəfiqləri üçün mühüm dönüm nöqtəsi ola bilər.
"Kölgə donanması" hədəfdə
"Financial Times" yazır ki, ilk sanksiya dalğası Rusiya neftini daşıyan və "kölgə donanması" kimi tanınan tankerləri hədəfə alacaq. Hazırda buraya 200-dən çox gəmi daxildir və onların vasitəsilə Moskva sanksiyalardan yayınaraq neft satışını davam etdirir. Tramp administrasiyası bu gəmiləri sanksiya siyahısına əlavə etməklə Rusiya üçün mühüm gəlir kanalını bağlamağa çalışacaq. Bu addım Avropa İttifaqının da son sanksiyalarına uyğun olaraq atılır - Brüssel artıq 100-dən çox gəmini hədəfə alıb. ABŞ isə bu prosesi daha da dərinləşdirərək Moskvanın manevr imkanlarını məhdudlaşdırmaq niyyətindədir.
"Hava atəşkəsi" Kreml üçün diplomatik manevrdir
Digər tərəfdən, nəşrin məlumatına görə, Kreml müharibəni tam dayandırmaq istəməsə də, Trampa güzəşt kimi "hava atəşkəsi" təklif edə bilər. Bu təklif pilotsuz uçuş aparatları və raketlərlə Ukraynaya qarşı hücumların dayandırılmasını nəzərdə tutur. Lakin bu, yalnız o halda mümkün sayılır ki, Kiyev də eyni addımı atsın. Kremldə bu ideya bir növ Trampa "siyasi hədiyyə" - Vaşinqtondakı daxili təzyiqləri azaltmaq və yeni sanksiyalardan yayınmaq üçün sadə, amma rəmzi bir addım kimi qiymətləndirilir.
Enerji qiymətləri və bazar təzyiqi
ABŞ prezidenti həmçinin enerji bazarını Rusiyaya qarşı təzyiq vasitəsinə çevirib. CNBC-yə verdiyi müsahibədə o, bildirib ki, neftin qiymətinin 10 dollar da aşağı düşməsi Putini geri çəkilməyə məcbur edə bilər. "Rusiya iqtisadiyyatı artıq çöküş həddindədir. Qiymətlər bir az da düşsə, Putin müharibəni dayandırmaqdan başqa yol tapmayacaq", - Tramp vurğulayıb. Onun bu bəyanatları fonunda dünya bazarında "qara qızıl"ın qiyməti aşağı düşməyə başlayıb. Bu da Kremlin iqtisadi dayanıqlığını sarsıdan əlavə amil ola bilər.
Əsas hədəflər Çin və Hindistandır
Trampın planı yalnız Rusiyanı deyil, onun əsas neft alıcılarını da hədəfə alır. Hindistan və Çin Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə enerji ticarətini davam etdirməkdə qərarlıdır. Tramp isə xəbərdarlıq edir: əgər bu ölkələr mövqelərini dəyişməsələr, ABŞ onlara qarşı da ikincil sanksiyalar və yüksək gömrük tarifləri tətbiq edəcək.
Putin Ukraynanın dörd regionunun tam işğalına israrlıdır
Kreml isə geri çəkilməyə hazır görünmür. Putin açıq şəkildə bildirib ki, atəşkəs yalnız Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində tam nəzarət bərqərar olduqdan sonra müzakirə edilə bilər. Bu isə ABŞ-ın və Ukraynanın qəbul edə biləcəyi bir ssenari deyil.
Avqustun 8-dən sonra nə baş verəcək?
Tramp artıq bildirib ki, əvvəllər verdiyi 50 günlük möhlət azaldılıb, indi Putinlə razılaşma üçün cəmi 10 günü var. Bu müddət avqustun 8-də başa çatır. Əgər bu tarixə qədər tərəflər razılaşmasa, ABŞ-ın sanksiyaları və enerji bazarındakı oyun planı reallaşacaq. Görünür, qarşıdakı günlər təkcə ABŞ və Rusiya üçün deyil, qlobal iqtisadi və geosiyasi nizam üçün də həlledici olacaq. Tramp öz sarsıdıcı zərbəsini endirməyə hazırdır, indi sıra Kremlin cavabındadır.