AZ

Azərbaycana qarşı danışanlara səsləndi – Pəzeşkiandan radikallara sərt reaksiya

İran Prezidenti Məsud Pəzeşkiyanın oğlu Yusif Pəzeşkiyan İran-Azərbaycan münasibətlərinin inkişafına qarşı çıxan radikal qrupları sərt tənqid edib.

Ölkə.Az xəbər verir ki, o, yaydığı açıqlamada bildirib:

“Atdığımız hər bir addımın nəticəsi olur və biz bu nəticələrdən qaça bilmərik. Yetkinliyin əlamətlərindən biri də budur: fikir bildirəndə və ya mövqe ifadə edəndə yalnız səmimi inanmaq yox, həm də nəticələrini düşünmək, mümkün zərəri qiymətləndirmək və nəticəni qəbul etməyə hazır olmaq lazımdır”.

Pəzeşkiyan qeyd edib ki, bəzi şəxslər, informasiya tribunasına sahib olduqlarından istifadə edərək, bir müddətdir “Azərbaycan müharibədə İsrailə yardım edib” fikrini təkrarlayırlar. Onun fikrincə, belə ittihamlar səsləndirməzdən əvvəl bu suallar verilməlidir:
– Bu iddianı sübut edən hansı faktlar var?
– İranın kəşfiyyat və təhlükəsizlik qurumlarından belə bir məlumat təqdim olunubmu?
– Azərbaycanda yaşayan iranlılardan hər hansı müşahidə və ya hesabat varmı?
– Ümumiyyətlə, Azərbaycanın İsrailə İran əleyhinə yardım etdiyi barədə rəsmi təsdiq varmı?

“Cavab aydındır – belə iddiaları heç bir rəsmi mənbə təsdiqləmir”, – deyə Yusif Pəzeşkiyan bildirib.

O, bu sualı da ünvanlayıb:

“Belə ittihamları yaymaq ölkəmizə nə qazandıracaq? Biz doğrudanmı, Azərbaycanla münasibətlərin gərginləşməsini istəyirik?”

Prezidentin oğlu İranın Azərbaycanla münasibətlərində üç mümkün ssenarini təqdim edib:

Müharibə – ya Azərbaycana qarşı müharibə etmək istəyirik, ya da onu buna təhrik edirik.

Qarşıdurmasız soyuq münasibətlər – yəni nə sülh, nə müharibə şəraitində qalırıq və problemləri həll etmədən davam edirik.

Əməkdaşlıq – fikir ayrılıqlarına baxmayaraq, qonşuluq münasibətlərini qoruyaraq birgə işləməyə, qarşılıqlı fayda axtarmağa çalışırıq.

O vurğulayıb ki, birinci ssenari nə hökumətin mövqeyidir, nə də ölkənin maraqlarına uyğundur. Lakin məsuliyyətsiz bəyanatlar məhz bu təhlükəli yola təkan verir.

“Kimsə deyirsə ki, Azərbaycan müharibədə İsrailə yardım edib, əslində, demək istəyir ki, Azərbaycan bizim düşmənimizdir. Əgər düşməndirsə, o zaman onunla müharibə etməliyik. Amma ağıllı adamlar bu yolu seçməz”, – deyə o qeyd edib.

Pəzeşkiyan ikinci – neytral münasibətlər ssenarisini də tənqid edib:

“Bu yolu seçənlər düşünür ki, biz Azərbaycanla düşmən olaq, amma açıq münaqişəyə girməyək. Amma bu da sərfəli deyil. Çünki əgər birini düşmən hesab edirsənsə, o zaman onun atacağı hər bir addıma hazır olmalısan – bu mütləq hərbi addım deyil, beynəlxalq platformalarda təzyiq və ya iqtisadi tədbirlər də ola bilər”.

Yusif Pəzeşkiyan hesab edir ki, üçüncü ssenari – əməkdaşlıq yolu – ən məntiqli və faydalı yoldur. Onun sözlərinə görə, dövlətlər arasında fikir ayrılığı təbiidir, amma bu, dialoq və qarşılıqlı maraqlar əsasında əməkdaşlığa mane olmamalıdır.

“Mən inanıram ki, bəziləri bu fikirləri yaxşı niyyətlə səsləndirirlər. Amma anlamırlar ki, onların təkidlə təkrarladığı iddialar təkcə ölkəyə deyil, bütün müsəlmanlara zərər vurur və nəticədə İsrailin işinə yarayır. Gəlin ayıq olaq və özümüzü başqasının oyununun piyadasına çevirməyək”, – deyə o fikrini tamamlayıb.

Ölkə.Az

Seçilən
59
olke.az

1Mənbələr