Biz ailə olaraq heç vaxt dövlətə minnət qoymadıq, qoymarıq da. Üzərimizə düşən hər bir vəzifəni layiqincə, mümkün olduqda artıqlaması ilə yerinə yetirər, buna görə nəsə qarşılıq da gözləmərik. Çünki bu, şəxsən mənim dövlət əxlaqımdan irəli gəlir. “Təki dövlət yaşasın” deyərik, qalanı təfərrüatdır.
İndi də aradan 2 həftəyə qədər vaxt keçib, bu paylaşımı edirəm.
Bizim Ayxan iyulun 24-də əsgərlikdən qayıtdı. Daxili Qoşunların xüsusi təyinatlılarında düz 1 il xidmət keçdi. Əsgərliyə təzə gedəndə cəmi 3 dəfə ona baş çəkdik. 3-cü dəfədə bizə hərbi hissəyə gəlməyi yasaqladı ki, “imkan verin, xidmət keçim, mən əsgərəm”.
Haşiyə çıxaraq qeyd edim ki, hərbi hissə mükəmməl idi. Həqiqətən də Azərbaycan hərbi qüvvələri dünyada bu baxımdan da seçilir.
Əsgərlik dövründə Ayxanın ancaq xoş xəbərlərini eşitdik. Nizam-intizamı, ədəbi, qayda-qanuna hörmət etməsi ilə fərqləndi. Üstəlik də savadı, ədəbi onu yaxşı mənada fərqləndirdi. Biz də ata-ana olaraq çox sevindik ki, dövlətimizə layiqli bir əsgər yetişdirmişik.
İyulun 24-də evə qayıtdıqdan sonra onun adına Ata Ocağımız – Dədəlidə (yeri gəlmişkən, o ocağa məndən sonra əsgər gəlməyib. Mən də 1988-ci ildə gəlmişəm əsgərlikdən) yüngülvari bir məclis etdik. Ailə içi, qohum-qardaş, xəbər tutub gələn dost-tanışla birgə. Əslində daha geniş və təmtəraqlı bir məclis düşünmüşdük. Ayxan izn vermədi. Hətta belə kiçik məclisə də razılaşmırdı. Dediyi də bu oldu ki, “bu qədər şəhidimiz var, belə şadyanalıq düzgün deyil”. İzah etdik ki, həyat davam edir və etməlidir. Ona görə də məclisimizi bir az yığcam elədik.
Əsas olan heç bu da deyil. Əsas odur ki, Ayxan əsgərliyə yararsız idi. Tibbi komissiya da bunu rəsmən təsdiqləmişdi. Gözləri çox zəif olduğu üçün əsgər apara bilməzdilər. Bilirsiniz, nə oldu sonra? Hələ BDU tələbəsi ikən, əsgərliyə 1 il qalmış bizə həkim tapdırdı, gözlərini əməliyyat elətdirdi ki, əsgər gedə bilsin.
Ən maraqlısı da odur ki, səfərbərlik xidmətində ona demişdilər, gələrsən, sənin məsələni həll edərik, onsuz da yararsızsan, əsgərliyə getmirsən. Ayxan deyəndə ki, o məsələni həll etmişəm, təəccüblənmişdilər. Hətta orda olan bir nəfər də qayıdıb ki, “bəziləri əsgər getməmək üçün özünü əməliyyat elətdirir, sənsə getmək üçün elətdirmisən”...
Hə, onu da deyim ki, biz oğlumuzun əsgərliyə necə, hara gedəcəyi məsələsinə qətiyyən qarışmadıq. Əsgərlikdə olanda da heç bir xahiş-minnət eləmədik. Düz də elədik. Oğlumuz özü hər şeydən baş çıxardı, alnının ağıyla, kişi kimi əsgərliyini çəkib evə qayıtdı.
Bir də bunu yazım ki, Ayxan 2024-də BDU-nu politologiya ixtisası üzrə qırmızı diplomla bitirib. Elə həmin il də dövlət xətti ilə xaricdə təhsil üçün müraciət eləmişdi. Buna da qarışmadıq. Bizim başbilənlər də oğlumuzun biliklərinin yetərli olmadığı qərarına gəldilər. Halbuki IELTS-dən 7 bal toplayıb, üstəlik də BDU-nu öz gücünə qırmızı diplomla bitirib. İngilis dili ilə bərabər rus dilini də yüksək səviyyədə mənimsəyib. Nə isə...