BAKI, 6 avqust. TELEQRAF
“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri Rusiya-Ukrayna müharibəsində heç nəyi kökündən dəyişməyəcək, çünki Kreml məqbul həll yolları təklif etmir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Ölkə rəsmisi Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı iddialarından əl çəkmədiyini və təcavüzü davam etdirmək niyyətində olduğunu vurğulayıb:
“Putin təkcə Ukraynadakı faktiki işğala deyil, həm də Avropanın yeni torpaqları ələ keçirmək hüququnun tanınmasına ehtiyac duyur. Onun məqsədi vaxt udmaq, Hindistan, Braziliya və Çinə neft-qaz ixracından əldə edilən gəliri qorumaq, həmçinin Tramp administrasiyasının daha yumşaq ritorikasına nail olmaq və ABŞ-nin müharibəyə diqqətini azaltmaqdır”.
Administrasiya rəhbərinin müşaviri hesab edir ki, Kremlin yaxın gələcəkdə məqsədi Qərbin Ukraynaya yardımının həcmini azaltmaqdır. Həmçinin, Podolyak əmindir ki, ABŞ Prezidenti Donald Tramp Kremlin taktikasını başa düşür və heç bir ciddi güzəştə getməyəcək.
Podolyak istisna etmir ki, Kreml Rusiyanın neft-qaz hasilatı layihələrinə çıxışın açılması kimi müəyyən iqtisadi təkliflərlə Ağ Evin rəğbətini qazanmağa çalışacaq. Amma o, ABŞ prezidentinin bu tələyə düşəcəyinə şübhə edir.
Xatırladaq ki, Stiven Uitkoff avqustun 6-da Rusiyaya səfər edib. Donald Trampın xüsusi elçisi səfəri çərçivəsində Vladimir Putinlə görüşüb.