AZ

Kemp-Devid sülhü Yaxın Şərqi dəyişdi, Əliyev-Tramp görüşü Qafqazı dəyişəcək...


Xaqani Cəfərli: "Bəzən ABŞ-a yaxın müttəfiq dövlətlərin rəhbərləri illərlə Vaşinqtona dəvət ala bilmirlər"

Prezident İlham Əliyevin bu gün - avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.

Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Azərbaycan Prezidentinin ABŞ səfərini baki-xeber.com-a dəyərləndirən politoloq Xaqani Cəfərli bildirdi ki, Prezident İlham Əliyevin dünən başlayan Vaşinqton səfərinin tarixi əhəmiyyətə malik olması şübhəsizdir: "Birləşmiş Ştatlar dünyanın yeganə ölkəsidir ki, ən yaxın müttəfiq dövlətlərin rəhbərlərini Vaşinqtona dəvət etməsi mühüm hadisə hesab olunur. Bəzən ABŞ-ın yaxın müttəfiq dövlətlərin rəhbərləri illərlə Vaşinqtona dəvət ala bilmirlər. Məsələn, Türkiyə çox cəhd etsə də, Baydenin 4 illik prezidentliyi dövründə prezident Rəcəb Tayyip Ərdoğanın Ağ Evə dəvət edilməsinə nail ola bilməmişdi.

İkincisi, Prezident İlham Əliyevin Vaşinqtona səfəri yeni dünya nizamının formalaşması mərhələsinin həlledici dönəmə qədəm qoyduğu, ABŞ-ın Rusiya və İran siyasətinin dönüş nöqtəsinə daxil olduğu bir zamanda gerçəkləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentlərin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edəcəkləri gözlənilir ki, bu, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir.

Çox böyük ehtimalla, Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklərin baş verəcəyi hadisələr ərəfəsindəyik. Qarşıdakı həftələrdə dünyada çox böyük dəyişikliklərə səbəb ola biləcək hadisələrin baş verməsi gözlənilir. Bu hadisələr ərəfəsində Vaşinqtonla ən yüksək səviyyədə danışıqlar aparmaq, bir çox məsələlərə aydınlıq gətirmək və baş verəcəyi ehtimalı yüksək olan proseslər ərəfəsində ABŞ-ın dəstəyini qazanmaq Azərbaycan üçün həyati əhəmiyyətə malikdir".

Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı təşəbbüskarlığı və vasitəçilik cəhdləri müasir diplomatiya tarixində mühüm presedentlərdən biri - 1978-ci ildə imzalanmış Kemp-Devid razılaşması ilə müqayisə oluna bilər. O zaman Misir və İsrail arasında illərlə davam edən münaqişəyə ABŞ Prezidenti Cimmi Karterin rəhbərliyi ilə son qoyulmuş və Yaxın Şərqdə tarixi sülh razılaşması əldə edilmişdi. Bu razılaşma ABŞ diplomatiyasının ən uğurlu vasitəçilik aktlarından biri kimi tarixə düşüb.

Hazırda isə Donald Tramp Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində analoji tarixi rol oynaya bilər. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir. Dövlət başçısı İlham Əliyevlə ABŞ Prezidenti Tramp arasında formalaşmış qarşılıqlı etimad və birbaşa siyasi dialoq bu prosesin uğurla nəticələnməsi üçün mühüm diplomatik zəmin formalaşdırır.

Akif NƏSİRLİ

Seçilən
108
baki-xeber.com

1Mənbələr