Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkəsindəki ukraynalı qaçqınlar həddindən artıq çox yardım alırlar. O, yardımın azaldıla biləcəyinə də işarə edib.
Bizim.Media xəbər verir ki, Orban bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
Baş nazir bildirib ki, Macarıstandakı ukraynalı qaçqınlar, işsiz macar vətəndaşlarından daha çox sosial yardım alırlar.
O qeyd edib ki, “pulsuz pul” deyilən anlayış yoxdur və ukraynalılar macar vətəndaşlarından daha artıq yardım almamalıdırlar.Orbanın sözlərinə görə, Rusiya tammiqyaslı işğala başladıqdan sonra Macarıstan Ukraynadan “minlərlə” qaçqını qəbul edib.
“Biz onların hamısını təmin etdik, hamısına yardım etdik. Bu gün də Macarıstanda on minlərlə ukraynalı yaşayır”, – deyə o bildirib.
Orban vurğulayıb ki, Macarıstan ukraynalılara macarlarla eyni səviyyədə yardım göstərən “yeganə ölkə” olub.
“Əgər macar vətəndaşı üç ay işsizlik müavinəti alır və sonra ictimai işlərə cəlb olunursa, əziz ukraynalı dostum, sən də bizim qədər ala bilərsən. Biz köynəyimizin yarısını sənə verərik, amma hamısını yox”, – deyə Orban qeyd edib.
Bizim.Media