ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan məhsullara əlavə 25 faizlik rüsum tətbiq edilməsi barədə fərman imzalayıb. Bu addım Hindistanın Rusiya neftini almaqda davam etməsinə cavab olaraq atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə avqustun 6-da Ağ Ev məlumat yayıb.
Ağ Evdən bildirilib ki, Hindistana qarşı tətbiq olunan bu tarif digər Rusiya nefti idxal edən ölkələrə də şamil oluna bilər.
Daha əvvəl Tramp Hindistana Rusiya nefti aldığı üçün tarifləri artıracağını vəd etmişdi.
Onun sözlərinə görə, “onlar Ukraynada Rusiyanın hərbi maşını tərəfindən neçə insanın öldüyünə əhəmiyyət vermirlər”. O, konkret rəqəmlər çəkməsə də, nəticələrin ağır olacağını vurğulayıb.
Hindistanın paytaxtı Yeni Dehlidən isə cavab olaraq bildirilib ki, Rusiya neftinin alınması Qərbin hərəkətləri fonunda məcburi addımdır. Hindistan tərəfi, həmçinin ABŞ və Aİ ölkələrinin hələ də Rusiyadan gübrə və metallar kimi bəzi məhsulları aldıqlarını xatırladıb.
Keçən həftə Ağ Ev artıq Hindistandan gətirilən məhsullara rüsumları 25 faizə qədər artırmış və Rusiya neftinə görə sanksiyalarla hədələmişdi.
Hindistanın Rusiya hərbi maşınının maliyyələşdirilməsində rolu aydındır: 2022-ci ilə qədər Hindistan Rusiyadan cəmi 0,2% neft idxal edirdisə, hazırda bu göstərici 45%-ə (gündə təxminən 2 milyon barel) çatıb. Bu, təkcə ötən il Kremlə 50 milyard dollardan çox gəlir gətirib.
Bizim.Media